×
A
A
A
Sazlamalar

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Bakı, 2 dekabr, AZƏRTAC

Bu gün 7-9 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan “International Innovation Management and TRIZ Conference” (IIMTC) adlı tədbirlə əlaqədar Milli Aviasiya Akademiyasında (MAA) mətbuat nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən konfransın təşkilat komitəsinin rəhbərliyi MAA-nın Yeni texnologiyalar üzrə prorektoru Dr. Xəqani Abdullayev, “International Innovation Management and TRIZ Institute”-nin (IMTI) İdarə heyətinin sədri Prof. Ali Kutvan tədbir haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat təqdim ediblər.

Daha sonra IIMTC-nin müasir dövrdə təhsil alanlara innovasiya texnologiyalarının, TRİZ ixtira alətlərinin (TRİZ- ixtira məsələlərinin həlli nəzəriyyəsi) təşviq edilməsinin əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, tədbir beynəlxalq səviyyədə elm xadimləri, alim və tədqiqatçıların iştirakı ilə təşkil olunur və təqdim olunan məqalə və materiallar Web of Science, Scobus, EBSCO kimi beynəlxalq akademik indekslər vasitəsilə qeydiyyatdan keçiriləcək.

Eyni zamanda, “TRİZ nəzəriyyəsi ixtira alətlərinin Ali Təhsil Müəssisələrinin tədris prosesində istifadə imkanları haqqında” adlı Panel Sessiyasının təşkili nəzərdə tutulur.

Konfransda TRIZ nəzəriyyəsinin müəllifi, görkəmli ixtiraçı, yazıçı-fantast, bakılı Genrih Sauloviç Altşullerin xatirəsinə Şərəf Medalın IIMTC təşkilat komitəsi tərəfindən seçilmiş namizədlərə təltif etmə mərasimi keçiriləcək.

“Innovation Management and TRIZ Institute”nun (IMTI) İdarə heyətinin sədri prof. Ali Kutvan bildirib ki, “International Innovation Management and TRIZ Conference” Bakının ardınca 2024-də Bostonda, 2025-də İstanbul, sonrakı dövrlərdə isə Seul, Berlin və Tokioda keçiriləcək. O qeyd edib ki, konfransın açılış mərasimində Türkiyənin Gazi Universiteti ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalanacaq.

Bundan başqa, konfransda ABŞ-ın MIT Universitetinin və Türkiyənin Gazi Universitetinin professorları çıxış edəcəklər. Tədbir beynəlxalq səviyyədə elm xadimləri, alim və tədqiqatçıların iştirakı ilə keçirilir və təqdim olunan məqalə və materiallar “Web of Science”, “Scobus”, EBSCO kimi beynəlxalq akademik indekslər vasitəsilə qeydə alınır. Bildirilib ki, təşkilat komitəsi tərəfindən TRIZ nəzəriyyəsinin müəllifi, görkəmli ixtiraçı, yazıçı-fantast, Genrih Sauloviç Altşullerin şərəfinə Qərbi Kaspi Universitetinin binasına barelyef qoyulacaq. Həmçinin mərasimdə dövlət rəsmiləri də iştirak edəcəklər.

Qeyd edək ki, TRIZ (Theory of Inventive Problem Solving) Bakıda yaradılmış 20-ci əsrin ən önəmli elmi nəzəriyyələrindən biridir.

Qlobal miqyasda 70-dən çox tanınmış alimdən ibarət elmi şura konfransın akademik ciddiliyini və beynəlxalq miqyasını daha da təsdiqləyir. “Samsung”, “Boeing” və “Pfizer” kimi görkəmli müəssisələr üçün məhsuldarlığın artırılmasında mühüm rolu ilə tanınan TRIZ ixtiraçı problemlərin həlli metodologiyaları sahəsində əsas rolu oynayır.

Görüşün yekununda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

İqtisadiyyat 2023-12-02 14:32:00