×
A
A
A
Sazlamalar

Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycanın ilk yaradıcı təhsil ocağı olan Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubiley tədbirinə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.
Mədəniyyət və İncəsənət Universitetinin 100 ildə uzun və şərəfli yol qət etdiyini deyən rektor Azərbaycanı dünyada tanıdan böyük sənətkarların, incəsənət xadimlərinin məhz bu universitetin məzunu olduqlarını, bəzilərinin isə burada çalışdıqlarını vurğulayıb. O, ADMİU-nun digər təhsil ocaqları üçün də bir baza rolu oynadığını deyib. Qeyd edib ki, illərdir öz sahələri üzrə tanınmış mütəxəssislər yetişdirən Rəssamlıq və Xoreoqrafiya akademiyaları məhz bu universitetdən ayrılıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi haqqındakı Sərəncamını həm də mədəniyyətimizə və incəsənətimizə yüksək dəyər, qayğı kimi qiymətləndirib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında səmimi qonaqpərvərliyə və isti münasibətə görə Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev başda olmaqla bütün kollektivə təşəkkürünü bildirib: "Biz çox şadıq ki, universitetimizin 100 illik yubileyi ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarında qeyd edilir. Dost universitetlərlə görüş bizim üçün hər zaman xoşdur. Çünki bunun sayəsində kollektivlər, tələbələr bir-birini daha yaxından tanımaq şansı əldə edirlər".
ADMİU-nun tarixinə nəzər salan rektor bildirib ki, bu ali təhsil ocağı 1923-cü ildə Teatr Məktəbi kimi yaradılıb və illər ərzində mədəniyyətin, incəsənətin, demək olar ki, bütün sahələrini əhatə edib: "Hazırda ali məktəbdə 5 fakültə fəaliyyət göstərir və yeni-yeni ixtisaslar yaranmağa başlayır. Təbii ki, ənənəvi sənətləri inkişaf etdirməklə yanaşı, zaman dəyişdikcə incəsənət sahəsində yaranan yeni ixtisasların bizim universitetdə tədrisinə çalışırıq".
Ceyran Mahmudova 2023-cü ilin Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olduğunu xatırladıb. Bildirib ki, ADMİU-da çalışan sənətkarların əksəriyyətinin Heydər Əliyevlə şəxsən tanışlığı, müxtəlif tədbirlərdə görüşləri olub və bu görüşlərin xoş xatirələri onlar üçün böyük qürur mənbəyidir.
Çıxışların sonunda hər iki universitetin rektorları tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Daha sonra tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib.
ADMİU-nun tələbəsi Əzizəxanım Kazımovanın aparıcılığı ilə baş tutan konsert magistrantlar Cəlil Bəşirli, Məmməd Məmmədovun ifasında "Qaytağı" musiqisi ilə başlayıb.
Xalq artistləri Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Ruzə İbişova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun müəllimləri Qəlbinur İbrahimli, Səxavət Məmmədov, magistrantlar Bəxtiyar Quliyev, Sərvər Yılmaz, Xasay Şıxıyev, tələbələr Lalə İsmayılova, Mütəllim Mütəllimov öz ifaları ilə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər. İfaçıları ADMİU-nun xalq çalğı alətləri ansamblı müşayiət edib.

Elm və təhsil 2023-12-01 19:18:00