×
A
A
A
Sazlamalar

Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY

Bakı, 1 dekabr, AZƏRTAC

Ötən üç il ərzində üç fərqli platformada (Brüssel, Moskva və Vaşinqton) aparılan sülh danışıqlarının hər üç istiqamətdə durğunluq dövrünə keçməsinin əsas səbəbi istisnasız olaraq Ermənistanın hakimiyyətinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, sülh prosesində vasitəçilik uğrunda Qərblə Şərq arasında yaranan qarşıdurmadan ilkin mərhələdə müxtəlif manevrlər vasitəsilə sülhdən yayınmaq üçün faydalanmağa çalışan Ermənistan son zamanlar kəskin şəkildə Qərbə “inteqrasiya” meyilləri nümayiş etdirməyə başlayıb. Təbii ki, bu prosesə paralel olaraq, Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri də müşahidə edilməkdədir.
“İlk növbədə, qeyd etmək lazımdır ki, region dövlətlərinin iştirakı olmadan regionda sülh quruculuğu prosesindən danışmağın kifayət qədər reallıqdan uzaq yanaşma olduğunu Ermənistanın özü də çox gözəl anlayır. Deməli, bu ölkə məqsədli şəkildə qeyri-region dövlətlərinin maraqlarının “təmsilçisinə” çevrilməklə mövcudluğunun əsasını təşkil edən işğalçılıq ideologiyasının davamı üçün zəmin formalaşdırmağı hədəfləyir. Onu himayə edən dairələr də bunun üçün münbit şərait formalaşdırmağa çalışır. Yəni, biz sülhdən danışdığımız masalarda qarşı tərəfin tamamilə başqa məqsədlərin daşıyıcısı olduğunu görməmək mümkün deyil. Diqqət yetirsək görərik ki, 44 günlük Vətən müharibəsindən bu günədək ABŞ və Avropanın bəzi siyasi dairələri Ermənistanın simasında “məzlum” obrazı yaratmağa çalışırlar”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq diqqətə çatdırıb ki, 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir kəskin bəyanat səsləndirməyən, məcburi köçkünlərimizin hüquqlarından danışmayan, Ermənistanın həyata keçirdiyi müharibə cinayətlərini və soyqırımlarını görməyən qlobal institutların və güc mərkəzlərinin münasibəti anlaşılan deyil. Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı atdığı legitim addımlardan yaranan “narahatlıqlar”ın arxasında dayanan imperialist maraqlar real mənzərəni təsvir etmək üçün yetərli faktlardır. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə, Brüssel və Vaşinqton platformaları çərçivəsində keçirilən ilk görüşlərdə neytrallığını görüntü şəklində qorumağa çalışan vasitəçilər təzyiq mexanizmlərinin Azərbaycana heç bir təsir imkanının olmadığını müşahidə etdikcə mərhələli şəkildə “tərəfsizliyi”ni itirərək ermənipərəst platfomanın yaradılmasına açıq-aşkar cəhd etdilər.
Belə olan halda, sülh danışıqlarını bu platformalarda davam etdirməyin mümkünsüz xarakter aldığını vurğulayan Aytən Qurbanova deyib: “Ermənistan digər görüşlərdə görüntü xatirinə iştirak etdi. Onu himayə edən siyasi dairələr tərəfindən Azərbaycan və Türkiyənin təklif etdiyi “3+3” platformasını uğursuz etmək cəhdlərini də aydın şəkildə görmək mümkündür. Nəticə etibarilə Rusiya ilə Qərb arasındakı mübarizənin növbəti “döyüş” meydanına çevrilən Ermənistan hər iki tərəfdən də idarə olunduğu üçün bir platformada verilən qərarın digər platformada təkzib olunması artıq ənənə halına çevrilib”.
O vurğulayıb ki, əgər bütün platformalarda vasitəçilərin maraqları bu və ya digər formada sülh danışıqlarına zərbə vurursa və onu dondurursa, deməli, sülhə nail olmağın yeganə və ən real həll yolu Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi kimi, vasitəsiz ikitərəfli görüşlərin keçirilməsidir. Əlbəttə ki, bunun üçün ilkin və əsas şərt Ermənistan tərəfinin Azərbaycan ilə münasibətlərin normallaşmasının bu dövlətin mövcudluğunun qorunması üçün labüd olmasını qəbul etməsi və görüntü üçün deyil, regionun firavan gələcəyi naminə sülh danışıqlarında iştiraka qayıtmasıdır. Ancaq belə bir şəraitdə biz həqiqi sülhdən danışa bilərik.

Siyasət 2023-12-01 19:06:00