×
A
A
A
Sazlamalar

AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Vüsal Mətləb tərəfindən “Xəbər nədir? O necə hazırlanmalıdır?” mövzusunda təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimçi öncə bir zamanlar təhsil aldığı fakültədə yenidən tələbələrlə görüşün xoş olduğunu qeyd edib. Sonra xəbərin formulu, strukturu, yazılma qaydaları müxtəlif xəbər agentliklərinin materialları əsasında konkret nümunələrlə şərh olunub. İnformasiya sənayesinin sürətlə inkişaf etdiyi müasir dövrdə xəbər istehsalının spesifik xüsusiyyətlərini izah edən Vüsal Mətləb ilkin məlumatın əldə edilməsi, emalı və ötürülməsi prosesi barədə tələbələrdə geniş təsəvvür yaradıb, xüsusilə özünün bu sahədəki təcrübəsini bölüşüb. Eyni zamanda, müasir informasiya məkanında səhih xəbərlərlə yanaşı, yalan, təhrif olunmuş xəbərlərin də mediada özünə asanlıqla yer tapdığını, bu tendensiyanın bütün dünyada geniş yayıldığını bildirib: “Bu kimi halların vüsət almaması üçün hər hansı xəbər ilkin və etibarlı mənbədən alınmalı, eyni zamanda, informasiyanın mahiyyətinə uyğun müvafiq rəsmi qurumlarla dəqiqləşdirmə aparılmalıdır. Həmçinin xəbərin mahiyyətinə uyğun olaraq qarşı tərəflərin mövqeyi xəbərdə əks olunmalıdır”.
Təlim zamanı reportyorun hadisə yerində işləmək bacarıqları və vərdişləri, təhlükəli zonalarda çalışmaq riskləri, operativ və qərəzsiz xəbər çatdırma üsulları kimi mühüm məsələlərə toxunulub.
İnteraktiv formada keçirilən təlimdə tələbələrə xəbərin əldə olunması, hazırlanması və ötürülməsi barədə konkret tapşırıqlar verilib, onların cavabları müvafiq şəkildə qiymətləndirilib və mövzu ilə bağlı suallar cavablandırılıb.

Elm və təhsil 2023-12-01 18:52:00