×
A
A
A
Sazlamalar

Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, seminarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor və müəllim heyəti, Dövlət İmtahan Mərkəzinin əməkdaşları iştirak ediblər.
İclasda xüsusi qabiliyyət tələb edən qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət ixtisaslarının rəsm və rəngkarlıq fənləri, heykəltaraşlıq ixtisasının rəsm və yapma fənləri, dizayn ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, bakalavriat səviyyəsinə qəbulun nəticələrinin elmi-statistik təhlili və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib.
Qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı yaradılmış işçi qruplarının hazırladığı layihə iclasda səsləndirilən qeydlər nəzərə alınmaqla məqsədəuyğun hesab edilib. Həmçinin heykəltaraşlıq ixtisasının yapma fənninin meyarının layihəsi üzərində işin davam etdirilməsi qərara alınıb.

Elm və təhsil 2023-12-01 18:32:00