×
A
A
A
Sazlamalar

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Palatanın fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılıb, auditor kadrlarının hazırlanması, normativ metodiki bazanın yaradılması, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülüb. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası və Avropa Mühasiblər və Auditorlar Federasiyası kimi nüfuzlu təşkilatlarda ölkəmizi layiqincə təmsil edir.
Daha sonra Vahid Novruzov qeyd edib ki, hər iki qurum arasındakı əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaq: “Bu sahədə Pakistanın böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz ölkə iqtisadiyyatında şəffaflığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və qeyri-dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, rəqəmsallaşmanı geniş tətbiq etmək istəyirik. Ümidvaram ki, Pakistanlı həmkarlarımız da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində bizim əldə etdiyimiz nəticələrdən bəhrələnə biləcəklər”.
Sonra çıxış edən Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Əli Lətif qurumlar arasındakı əməkdaşlığın tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühasiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafında, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsində, tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılmasında böyük rol oynayacağını vurğulayıb.
Eyni zamanda, Əli Lətif Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib və qeyd edib ki, Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında bundan sonra əlaqələr daha sıx şəkildə olacaq və qurumlar arasında istər audit, istərsə də mühasibatlıq sahəsində təcrübə mübadiləsi aparılacaq.
Açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Anar Məmmədov, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini müvəqqəti icra edən Sara Ljaz, Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının İdarə heyətinin sədri Azər Əkbərov, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun Təhsil, kadr hazırlığı, üzvlük və əməkdaşlıq məsələləri üzrə icraçı direktoru Omar Camal, Auditorlar Palatası sədrinin Elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov, Auditorlar Palatası Şurasının üzvü, “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycan Respublikasındakı filialının İdarəedici partnyoru İlqar Vəliyev Azərbaycan və Pakistan auditinin mövcud problemləri, onların həlli yolları, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri üzrə ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparıblar.

İqtisadiyyat 2023-12-01 11:56:00