×
A
A
A
Sazlamalar

Sədr: ICAP ilə imzalanan memorandum hər iki ölkənin auditorları arasında əlaqələri genişləndirəcək

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan və Pakistan tarixin sınaqlarından şərəflə çıxmış dostluq və qardaşlıq əlaqələrinə malik olan ölkələr olmaqla beynəlxalq aləmdə də həmişə bir-birilərinin yanındadırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu gün rəsmiləşdiriləcək əməkdaşlıq hər iki ölkənin mühasib və auditorları üçün mühüm əhəmiyyət kəsb edərək gələcək illərdə münasibətlərin daha da güclənməsinə öz töhfəsini verəcək.
“Eyni zamanda, Azərbaycan auditi özünün beynəlxalq əlaqələrinin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə edib. Auditorlar Palatası 2008-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) tamhüquqlu üzvü statusunu əldə edib. Ölkə Prezidentinin tövsiyələrini nəzərə alaraq Auditorlar Palatası xarici həmkarlarla əlaqələrinin genişləndirilməsini də diqqətdə saxlayır. Ötən dövr ərzində bizim qurum 40-dan artıq ölkənin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq haqqında saziş və müqavilələr imzalayıb. Bizim üçün çox xoşdur ki, bu gündən etibarən həmin ölkələr sırasında qardaş və dost Pakistan da olacaq”, - deyə Vahid Novruzov vurğulayıb.
V.Novruzov diqqətə çatdırıb ki, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu ölkələrin peşəkar mühasibləri və auditorları arasında əlaqələrin genişləndirilməsinə, birgə layihə və proqramların reallaşdırılmasına xidmət edəcək, Azərbaycan və Pakistan arasında ölkə rəhbərlərinin dəfələrlə vurğuladıqları mövcud dostluq və qardaşlıq, qarşılıqlı yardım və dəstək münasibətlərini peşə mənsubları arasında da özünü bariz surətdə göstərməsinə zəmin yaradacaq.



İqtisadiyyat 2023-12-01 11:27:00