×
A
A
A
Sazlamalar

İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Bakı, 30 noyabr, AZƏRTAC
ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) İxtisasartırma Proqramları tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, noyabrın 18-dən 25-dək davam edən proqram dünyanın müxtəlif regionlarından olan diplomat və tədqiqatçıları bir araya gətirib, onları Xəzər hövzəsi ölkələri ilə yaxından tanış edib. Onların təmsil etdiyi ölkələrin sırasında Bolqarıstan, Misir, Gürcüstan, Macarıstan, İran, İraq, İtaliya, Qırğızıstan, Malayziya, Meksika, Mərakeş, Moldova, Polşa, Pakistan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan, Ukrayna, ABŞ, Özbəkistan və Vyetnamı qeyd etmək mümkündür.
İyirmi üç ölkədən olan 30-dək iştirakçı Xəzər hövzəsi ölkələrinin tarix və mədəniyyətini, iqtisadiyyatını, xarici siyasətini və inkişaf strategiyasını, həmçinin həmin ölkələrin siyasi strukturunu, habelə enerji və təhlükəsizlik mövzularını əhatə edən mühazirələri dinləmək imkanı əldə ediblər. Həmin mövzular yüksək səlahiyyətli dövlət rəsmiləri, ADA Universitetinin professor-müəllim heyəti, IDD-nin Qəyyumlar Şurasının üzvləri və əməkdaşları, eləcə də beyin mərkəzlərinin nümayəndələri tərəfindən tədris edilib.
Proqram çərçivəsində iştirakçılar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşərək regional məsələlərlə bağlı müzakirələr aparıb və işğaldan azad edilmiş Qarabağın bərpası və regionda sülh quruculuğu prosesi ilə bağlı onları maraqlandıran sualları rəsmi şəxslərə ünvanlayıblar.
Diplomat və tədqiqatçılar, eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində mətbuat katibi Ayxan Hacızadə ilə görüşüb, Azərbaycanın xarici siyasətini, ölkənin müvafiq istiqamətdə əldə etdiyi nailiyyətləri və mövcud problemləri barədə ətraflı məlumat əldə ediblər.
Proqram boyunca iştirakçılar işğaldan azad edilən ərazilərdəki bərpa işlərini müşahidə etmək üçün Ağdama səfər ediblər. Noyabrın 23-də baş tutan səfər zamanı onlar Cümə məscidi, Şahbulaq qalası, Ağdam Dövlət Dram Teatrı, eləcə də Şəhidlər xiyabanı daxil olmaqla şəhərin görməli yerlərini ziyarət ediblər. Həmçinin onlar yeni tikilmiş Ağdam Konfrans Mərkəzinə baş çəkərək şəhərin gələcək inkişaf planı ilə tanış olublar.
Qeyd edək ki, iştirakçılar öyrəndiklərini sahədə müşahidə etmək üçün Xəzər sahili boyunca yerləşən müxtəlif dövlət əhəmiyyətli yerlərə və qurumlara baş çəkiblər.
Proqramın noyabrın 24-də baş tutan bağlanış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və ADA Universiteti prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva iştirakçılar qarşısında çıxış ediblər və onları proqramı uğurla tamamlamaları və sertifikat əldə etmələri münasibətilə təbrik ediblər. Qeyd olunub ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramı Azərbaycana qonşu ölkələrin, Şərqi Avropa, Mərkəzi və Cənub-Şərqi Asiyanı təmsil edən iştirakçıların peşəkar ünsiyyətini təmin edən və Xəzər regionunun keçmişi, bu günü və gələcəyi barədə onları hərtərəfli şəkildə məlumatlandıran öyrənmə və şəbəkələşmə platformasıdır.

Elm və təhsil 2023-11-30 18:06:00