×
A
A
A
Sazlamalar

Kəşfiyyatçı Famil Məlikov: Bizə verilən mənzil ailəmizin böyük sevincinə səbəb oldu

Bakı, 30 noyabr, AZƏRTAC

Famil Məlikov 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyi bitirəndən sonra müxtəlif bölgələrdə kəşfiyyatçı kimi xidmət göstərib. 2015-ci ildən hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirən zabit 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günlərdən isə Kəlbəcər-Ağdərə yolunun bağlanılması əməliyyatlarının iştirakçısı olub.
Beş gün Kəlbəcərdə vuruşandan sonra onları Cəbrayıl və Füzulu istiqamətində gedən döyüşlərə cəlb ediblər. Lələtəpə yaxınlığındakı mövqelərdən döyüşə başlayan Famil kəşfiyyatçı kimi Füzuli istiqamətində Livandan gətirilmiş erməni əsilli terror birləşmələrinin yerinin aşkar edilməsində fərqlənib. Oktyabrın 5-də Cəbrayılın Şaybəy kəndi uğrunda gedən döyüşlərdə isə düşmən hərbçilərinin atdığı əl qumbarası onu boğazından yaralayıb.
“Qumbara ağciyərlərimə ciddi zədə vurmuşdu, üç qabırğam yaralanmışdı, bir müddət sonra hərəkət məhdudluğu ilə də üzləşdim, qabırğalarımdan birini itirməli oldum. Belə ağır zədədən sonra döyüş meydanına qayıda bilmədim, uzun müddət hospital və xəstəxanalarda müalicə olundum. Müqəddəs yolda nəinki yaralanmağa, hətta həyatını itirməyə də dəyər. Mən buna da hazır idim. Lakin görünür, qismət belə imiş”, - deyə həmsöhbətimiz AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
“Azərbaycan Bayrağı” ordeninə, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən zabitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi paytaxtın Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından üçotaqlı mənzil verib.
Famil deyib: “Bu qayğıya görə hədsiz minnətdarlığımı bildirirəm. Neçə vaxt idi ki, ata-anam, həyat yoldaşım və iki qızımla kirayədə yaşayırdıq. Yeni il ərəfəsində belə bir hədiyyə bizim üçün çox sevindirici oldu”.

Cəmiyyət 2023-11-30 18:06:00