×
A
A
A
Sazlamalar

Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 30 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycanın gənc istedadlarının adlarının “Qızıl kitab”a (bundan sonra - Qızıl kitab) yazılması və adları Qızıl kitaba yazılmış gənc istedadlar üçün xüsusi təqaüdün (bundan sonra – təqaüd) verilməsi, habelə dayandırılması qaydalarını müəyyən edir.
1.2. Qızıl kitab və təqaüd mədəniyyət sahəsində (bundan sonra – müvafiq sahə) xüsusi qabiliyyəti olan 10 yaşdan 25 yaşadək Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra – şəxs) Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dövlət qayğısını təmin etmək məqsədilə təsis olunmuşdur.
1.3. Təqaüdün məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
1.4. Təqaüdün verilməsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına maliyyələşdirilir.

2. Qızıl kitab

2.1. Qızıl kitab müvafiq sahə üzrə xüsusi qabiliyyəti olan şəxslərin ictimaiyyətə tanıdılması və onların həvəsləndirilməsi məqsədilə həmin şəxslərin adlarının daxil edilməsinin xronoloji ardıcıllığı əsasında bir nüsxədə tərtib edilən irihəcmli nəşrdir.
2.2. Qızıl kitaba aşağıdakı şəxslərin adları daxil edilir:
2.2.1. müvafiq sahə üzrə beynəlxalq və ya ölkə əhəmiyyətli müsabiqə, yarış və ya festivalların laureatı olan şəxslərin;
2.2.2. müvafiq sahə üzrə təhsildə yüksək nəticələr əldə edən şəxslərin.
2.3. Şəxsin adı Qızıl kitaba Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və ya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə daxil edilir.
2.4. Nazirliyin təqdimatı əsasında şəxsin adının Qızıl kitaba daxil edilməsi və ona təqaüdün verilməsi bu Əsasnamənin 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.5. Qızıl kitaba adı yazılmış şəxs qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, onun adı Qızıl kitabdan Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çıxarılır.
2.6. Qızıl kitab Nazirlikdə daim qorunub saxlanılır.
2.7. Qızıl kitabın elektron nüsxəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

3. Namizədlərin irəli sürülməsi

3.1. Şəxsin adının Qızıl kitaba yazılması və ona təqaüdün verilməsi ilə bağlı müraciət aşağıdakı sənədlər əlavə edilməklə, namizədin təhsil aldığı təhsil müəssisəsi və ya işlədiyi dövlət orqanı (qurumu) (bundan sonra – müraciətçi) tərəfindən Nazirliyə təqdim edilir:
3.1.1. namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
3.1.2. namizədin təhsili haqqında sənədin (olduğu halda) surəti;
3.1.3. namizəd təhsil aldıqda, təhsil alması barədə müvafiq təhsil müəssisəsindən arayış;
3.1.4. namizədin tərcümeyi-halı;
3.1.5. namizədin xasiyyətnaməsi;
3.1.6. namizədliyin irəli sürülməsinə əsas verən nailiyyətləri təsdiq edən sənədlərin surəti.
3.2. Bu Əsasnamənin 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciətçidən tələb olunmur. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciətçi tərəfindən təmin edilir.
3.3. Bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən sənədlər tam təqdim olunmadıqda və ya təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə (bu Əsasnamənin 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla), Nazirlik sənədlər təqdim edildikdən 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçini məlumatlandırır. Müraciətçi bu Əsasnamənin 3.8-ci bəndində qeyd edilmiş iclasın keçirilməsinə azı 10 (on) iş günü qalanadək uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etməlidir.
3.4. Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar müraciətçi tərəfindən bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, namizədin qiymətləndirilməyə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir.
3.5. Təqdim edilmiş sənədlər bu Əsasnamənin tələblərinə uyğun olduqda, namizəd qiymətləndirilmə üzrə namizədlərin siyahısına (bundan sonra – namizədlərin siyahısı) daxil edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir.
3.6. Təqdim edilmiş namizədlərin bu Əsasnamənin 2.2-ci bəndinin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və seçimini, eləcə də bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hallarla bağlı qiymətləndirilməni təşkil etmək məqsədilə Nazirlik tərəfindən 9 üzvdən ibarət tərkibdə Ekspert Komissiyası yaradılır. Ekspert Komissiyasının tərkibini və fəaliyyəti barədə reqlamenti Nazirlik təsdiq edir.
3.7. Nazirlik namizədlərin və bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hallarla bağlı qiymətləndiriləcək şəxslərin siyahısını ümumiləşdirir, baxılması üçün iclasın keçirilməsinə 5 (beş) iş günü qalanadək Ekspert Komissiyasına təqdim edir.
3.8. Ekspert Komissiyasının iclaslarının keçirilmə tarixini Nazirlik müəyyən edir və bu barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsində yerləşdirir.
3.9. Ekspert Komissiyası qərarları açıq səsvermə yolu ilə, üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir.
3.10. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq namizədlərin siyahısını Nazirliyə təqdim edir.
3.11. Nazirlik Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamənin 2.2-ci bəndində göstərilən tələblərə uyğunluğu barədə arayışı təqdimatla birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4. Təqaüdün verilməsi şərtləri

4.1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qızıl kitaba adları yazılmış şəxslərin hər birinə təqaüd verilir.
4.2. Təqaüd şəxsə onun adı Qızıl kitaba yazıldığı tarixdən hər dəfə 3 (üç) il müddətinə təyin edilməklə, 25 yaşına çatanadək aylıq verilir.
4.3. Bu Əsasnamənin 4.2-ci bəndində göstərilən yaş həddi nəzərə alınmaqla, 3 (üç) illik müddət başa çatdıqdan sonra şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada qiymətləndirildikdən sonra, ona növbəti 3 (üç) il müddətinə təqaüd təyin edilir.
4.4. Şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsinin qiymətləndirilməsi bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş qaydada Ekspert Komissiyası tərəfindən əvvəlki təqaüdün müddətinin bitməsinə ən geci 1 (bir) ay qalmış həyata keçirilir.
4.5. Təqaüdün verilməsinin davam etdirilməsi və ya bu Əsasnamənin 5.1-ci bəndində müəyyən olunmuş hallarda dayandırılması haqqında qərar Nazirlik tərəfindən qəbul edilir.

5. Təqaüdün verilməsinin dayandırılması halları

5.1. Şəxsə təyin edilmiş təqaüdün verilməsi aşağıdakı hallarda dayandırılır:
5.1.1. şəxs müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirmədikdə;
5.1.2. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
5.1.3. şəxsin 25 yaşı tamam olduqda;
5.1.4. şəxsin adı Qızıl kitabdan çıxarıldıqda;
5.1.5. şəxs vəfat etdikdə.

6. Yekun müddəalar

6.1. Təqaüd hər ayın 5-dək, təqaüdçünün adına açılmış xüsusi bank hesabına köçürülür.
6.2. Bu Əsasnamənin 6.1-ci bəndindən irəli gələn zəruri təşkilati tədbirlər Nazirlik tərəfindən həyata keçirilir.
6.3. Bu Əsasnamənin 4.2-ci – 4.4-cü bəndlərinin və 5.1.1-ci yarımbəndinin tələbləri bu Əsasnamə qüvvəyə mindiyi günədək təqaüd təyin edilən şəxslərə münasibətdə bu Əsasnamə qüvvəyə mindikdən 3 (üç) il sonra tətbiq edilir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun tətbiqi və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2023-11-30 15:04:00