×
A
A
A
Sazlamalar

Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə təşkil olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə ictimai dinləməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. O, ailə institutunu sosial, mədəni, iqtisadi və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial qurum kimi dəyərləndirib.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inkişafında ailənin, ailə münasibətlərinin rolunu yüksək dəyərləndirdiyini bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz bu sahədə mühüm beynəlxalq müqavilələrə qoşulub və yeni qanunlar qəbul edilib. H.Hüseynova Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb, lazımi qanunlar qəbul edilib. Hazırda bu istiqamətdə dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdıran H.Hüseynova qeyd edib ki, nikah yaşının tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı Ailə və Cinayət məcəllələrinə edilən əlavə və dəyişikliklər, həmçinin nikahdan əvvəl tərəflərin tibbi müayinədən keçməsinin məcburi olması, gender bərabərliyinin təminatları, məişət zorakılığının qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi ailə institutunun müdafiəsi sahəsində önəmli rol oynayır. O, ailə institutunun dəstəklənməsi istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkədə bu sahədə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.
Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlərin görüldüyünü deyən komitə sədri bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bu sahədə təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib.
Sonra çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə daim diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayıb. O qeyd edib ki, dövlət başçısı tərəfindən ana və uşaqların hüquqlarının təmin edilməsi, onların sağlamlığının qorunması ilə bağlı bir çox sənədlər imzalanıb. O, Milli Məclisdə də bu sahənin qanunvericilik bazasının daim təkmilləşdirildiyini söyləyib.
Ə.Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
İctimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. O bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyələrinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. O, Elm və Təhsil Nazirliyinin milli-mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli diqqətə çatdırıb ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrə yerləşdirilməsi, həmçinin həmin müəssisələrdən ailələrə inteqrasiya edilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb, sosial dəstək mexanizmlərindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib. O, təmsil etdiyi dövlət komitəsinin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun mənəvi dəyərlərin inkişafı, o cümlədən ailə institutunun möhkəmləndirilməsi sahəsində fəaliyyətindən bəhs edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb, bu sahədə maarifləndirmə işinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxışlarda bu gün ölkəmizdə ailə siyasəti sahəsində möhkəm qanunvericilik bazasının olduğu bildirilib.
Sonda Hicran Hüseynova səsləndirilən təkliflərə münasibət bildirib.

Cəmiyyət 2023-11-29 20:04:00