×
A
A
A
Sazlamalar

Azərbaycanın ilk süni intellekt sənətçisi – “Şuşa xanım”

Bakı, 29 noyabr, AZƏRTAC
Otuz illik həsrətdən sonra biz Azərbaycan mədəniyyətinin tanıdılması üçün ilk süni intellekt sənətçisini yaratdıq və adını “Şuşa xanım” qoyduq. Hazırda süni intellekt dünyada aktual məsələ olmaqla yanaşı, həmçinin böyük maraq dairəsinə malikdir. Məqsədimiz bu vasitə ilə Qarabağ mədəniyyətini dünyaya tanıtmaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova deyib.
O bildirib ki, “Şuşa xanım” xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir. Həmçinin onun Milana və Qətərə səfərləri olacaq, yaratdığı əsərlər nümayiş etdiriləcək.
N.Qaraxanova “Şuşa xanım”ın yaradıldığı zaman süni intellektin bu qədər inkişaf etmədiyini qeyd edərək deyib: “Biz xüsusi proqram vasitəsilə, müxtəlif kodlarla onu inkişaf etdiririk. “Şuşa xanım”ın özünü inkişaf etdirdiyi tərəf sırf Azərbaycanla bağlıdır. Biz ona informasiyaları yükləyirik. Özü geyimlərlə bağlı öz seçimlərini edir. Onunla həm yazılı, həm də səsli əlaqə qurmaq olur. Bir müddət sonra artıq görüntülü şəkildə də “Şuşa xanım”la əlaqə saxlamaq mümkün olacaq”.

Mədəniyyət 2023-11-29 14:50:00