×
A
A
A
Sazlamalar

Panel sessiya: Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması

Bakı, 29 noyabr, AZƏRTAC
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşinin moderatorluğu ilə keçirilən paneldə çıxış edən animasiya mütəxəssisi Oqtay Yusibov rəqəmsal və digər audiovizual məzmunların zərurətindən danışıb. Animasiya sahəsində görülən işlər və getdikcə bu sahəyə göstərilən maraqdan söz açıb.
Finlandiyada “Bloqerlər Məktəbi”nin rəhbəri Yelena Eyvazlı videobloqinq və influencerliyin Azərbaycanda 2008-ci illə müqayisədə daha da inkişaf etdiyini qeyd edib. O, həmçinin bu sahədə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında olan fərqdən danışıb.
Y.Eyvazlı bildirib ki, bloqinq insanlara fikirlərini, biliklərini və təcrübələrini internet vasitəsilə dünya auditoriyası ilə bölüşmək imkanı verir: “Bu vasitə məlumat, fikir mübadiləsi və mədəni zənginləşdirmə üçün indiki dövrdə vacib hala gəlib. Məhsul artıq bazarda yaxşı satılsa da, influencerlərin köməyi ilə onun auditoriyasını genişləndirmək mümkündür. Düzgün seçilmiş bir influencerlə bazara yeni bir məhsul gətirmək, mövcud məhsullar üçün yeni müştərilər əldə etmək daha əlverişlidir.
“Bakı Qısa Filmlər” Festivalının direktoru Fehruz Şamıyev festivalın yaranması haqqında danışıb: “Əsas marağımız odur ki, yerli və beynəlxalq layihələrin inkişafı üçün ortaq proqramların yaranması, müxtəlif tədbirlərin keçirilməsidir. Həmçinin yerli tamaşaçını müəllif kinosuna yaxın etməkdir. Bir çox festivallarda müəllif filmləri qeyri-kommersiya xarakteri daşıyır. Layihələrin dəstəklənməsi Azərbaycanda tək Mədəniyyət Nazirliyi tərəfindən yox, həmçinin müxtəlif platformalar vasitəsilə dəstəklənməlidir”.
Türkiyənin “Wediacorp Holdinq” şirkətlər qrupunun rəhbəri Funda Demir Şen 2015-ci ildən etibarən "Azərbaycanın müəllif haqları nədir? Dünyaşöhrətli əsərləri, mahnıları necə qorunmalıdır?” mövzusunda araşdırmalarının olduğunu bildirib.
O, yutub və digər platformalarda alternativ gəlir, sosial şəbəkələrdə reklam və marka əməkdaşlıqları barədə məlumat verib: “Düzgün yanaşma ilə sosial şəbəkələrdən istifadə edərək gəlir əldə etmək mümkündür. Məsələn, reklamverənlərlə işləmək və materiallarını öz resurslarına yerləşdirmək, sosial şəbəkələr vasitəsilə müxtəlif məhsulların və ya xidmətlərin satışını təşkil etmək olar”.
“Peotika Film İstehsalı” şirkətinin direktoru, Diaspora Beynəlxalq Qısa Filmlər Festivalının qurucusu Emrah Kılıç kino sahəsinin Türkiyədə getdikcə inkişaf etdiyini və yeniliklərə imza atıldığını söyləyib. Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycanda da tətbiq edilməsi, birlikdə fikir mübadiləsi apararaq yeniliklərə doğru irəliləməyin zərurətindən danışıb.
Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mədəniyyət 2023-11-29 14:35:00