Sidneydə “Ramzes və fironların qızılı” adlı nadir sərgi açılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Bu ay qədim Misirin nadir “parçası” Sidneydəki Avstraliya muzeyinə gətirilib. “Ramzes və fironların qızılı” adlı blokbaster-sərgi isə özünün beynəlxalq turunda dördüncü dayanacaq olub. 2021-ci ildə premyerası Hyustonda keçirilən maraqlı şou Misirin qüdrətli fironlarından biri olan II Ramzesin hakimiyyəti dövrünə ətraflı nəzər salmağa dəvət edir.
AZƏRTAC xəbər verir ki, Avstraliya muzeyinin baş direktoru Kim Makkeyin sözlərinə görə, Böyük Ramzes fenomen - sevimli ata, müqayisəedilməz döyüşçü və məhsuldar qurucu olub. Onun irsi həm siyasi, həm də mədənidir. Saysız-hesabsız məbədlərə, ehram və heykəllərə, tarixdə ilk sülh sazişi və böyük nüfuzlu ailəyə cavabdeh olan Ramzesin əhvalatları nəsillərdən-nəsillərə danışılıb.
Sərgiyə daxil olan 181 obyektdən ən məşhuru Ramzesin sarkofaqıdır. “The Guardian” yazır ki, 1881-ci ildə aşkarlanan bu eksponat indiyədək Misirin hüdudlarından kənarda camaat qarşısında heç vaxt sərgilənməyib. Fironun hakimiyyətinin bədii novatorluğunu əks etdirən digər artefaktlara qızıl maskalar, oyma sarkofaqlar, bəzək əşyaları və hətta mumiyalanmış şir balası aiddir.
2024-cü il mayın 19-dək davam edəcək sərgidə multimedia və immersiv elementlər də nümayiş etdirilir. Bu cür texnoloji xüsusiyyətlərdən biri Ramzesin ən böyük hərbi nailiyyəti olan, eramızdan əvvəl 1275-ci ildə baş vermiş Kadeş döyüşünün canlandırılmasıdır. Burada çoxsəviyyəli təsvirdən və kompüter qrafikindən istifadə olunub.
Sərgi çərçivəsində ziyarətçilərə fironun birinci həyat yoldaşı, çariça Nefertarinin rəhbərliyi altında Əbu-Simbel tarixi məbədinə virtual ekskursiya təklif edilir.
“Ramzes və fironların qızılı” sərgisi Misirə həsr edilmiş və Avstraliyaya göndərilən bir neçə şoudan sonuncusudur. Gələn ay Avstraliya Milli Muzeyinin açacağı “Qədim Misirin kəşfi” adlı sərgiyə Niderland Əntiq Əşyalar Milli Muzeyinin kolleksiyasından 220-dən çox eksponat cəlb olunacaq. 2024-cü ildə Viktoriya Milli Qalereyasında (NGV) Britaniya muzeyinin təqdim etdiyi ən iri beynəlxalq sərginin - “Firon”un debütü olacaq.
“Sydney Morning Herald” qeyd edir ki, ard-arda keçirilən Misir sərgiləri bir çox halda pandemiya səbəbindən muzeylərin qrafikinin pozulması və iki il müddətinə onların fəaliyyətinin dayandırılması ilə bağlıdır. Lakin bu cür dolğunluq problem deyil. Ramzesin sərgisinin açılışından bir gün əvvəl Avstraliya muzeyi 100 mindən çox biletin qabaqcadan satıldığını elan edib. Həqiqətən də Viktoriya Milli Qalereyası ümidvardır ki, onun sərgisi qalereyaya yeni ziyarətçilərin cəlb edilməsində kömək edəcək.
“Ziyarətçilər “Ramzes və fironların qızılı” kimi sərgilərə gəlməkdə davam edirlər. Çünki bu sərgilər qədim cəmiyyətdə həyat tərzinin necə olduğunu görməyə şərait yaradır. İnsanların bu marağı, onların keçmişə qayıtmaq istəyidir. Bu, macəra axtaran, yeni okean, yeni sahil, yeni ölkəni tədqiq edənlərdə yaranan eyni maraq səviyyəsidir”, - deyə Kim Makkey “Sydney Morning Herald” qəzetinə müsahibəsində bildirib.
KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilir
Mədəniyyət naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək
Milli Kitabxanada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə kitab sərgisi açılıb