UNESCO artıq uzun illərdir kollektiv Qərbin geosiyasi təzyiq alətlərindən birinə çevrilib - ŞƏRH
Bakı, 29 noyabr, AZƏRTAC
UNESCO artıq uzun illərdir ki, de-fakto BMT-nin təsisatı statusundan çıxaraq, kollektiv Qərbin geosiyasi təzyiq alətlərindən birinə çevrilib. Hazırda NED (The National Endowment for Democracy - Milli Demokratiya Fondu), yaxud “Sərhədsiz reportyorlar” təşkilatı və ya USAID hansı missiyanı icra edirsə, UNESCO da eyni prosesi yerinə yetirir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə UNESCO rəsmi Bakının xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin işğalçı Ermənistan tərəfindən darmadağın edilməsi, vandalizmin ağıla gələn və gəlməyən təzahürlərinə məruz qalması barədə müraciətlərinə, işğal altındakı bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı çağırışlarına məhəl qoymayıb, bunun üçün guya həmin ərazilərə nəzarət olunmadığı və digər belə bəhanələr gətirib. Halbuki bu təşkilat 2001-ci ildə Əfqanıstanda Talibanın Buddanın nəhəng heykəlini uçurmasına dərhal reaksiya vermiş, əraziyə xüsusi missiya göndərmişdi. Yaxud UNESCO İraqın Mosul şəhərində “Nimrud Hatra” arxeoloji abidələrinin, həmçinin şumer, assuriya və vavilon mədəniyyətlərinə məxsus mədəniyyət nümunələrinin İŞİD terror qruplaşması tərəfindən darmadağın edilməsinə dərhal etiraz səsini ucaltmış, bununla bağlı ardıcıl kampaniya aparmışdı. Amma məsələ erməni vandalizminə gələndə bu təşkilat susmağa üstünlük verdi. Halbuki həmin dövrdə həm Əfqanıstanda, həm də İraqda döyüş əməliyyatları gedirdi və ərazidə araşdırmaların aparılması kifayət qədər təhlükəli idi.
Azərbaycana qarşı ikili standartların səbəblərindən danışan E.Mirzəbəyli qeyd edib: “Azərbaycan xalqı bu səbəblərin nədən ibarət olduğunu çox yaxşı bilir. UNESCO-nun İraq və Əfqanıstanda baş verənlərə çevik reaksiya verməsinin səbəbi həmin ərazilərdə hərbi əməliyyatların davam etdirilməsi üçün əsas yaratmaq məqsədi güdürdü. Digər amil isə təəssüf ki, özünü bütün müstəvilərdə büruzə verən islamafobiyanın körüklənməsi ilə bağlı idi. İŞİD-i yaradanlar müsəlman ölkələrinə hərbi müdaxilələrini əsaslandırmaq üçün İslam dinini “dağıdıcı” bir din kimi təqdim etməyə çalışırdılar. Əfqanıstanda və İraqda baş verən vandalizm aktları isə buna əlverişli imkan yaradırdı. Ermənilər isə məhz xristian olduqları üçün onların işğal altında olan Azərbaycan torpaqlarında törətdikləri misli görünməmiş vandalizm aktlarına göz yumulurdu. Təəssüf doğursa da, həqiqət belədir və Azərbaycan xalqı UNESCO-nun da bir çox beynəlxalq təşkilatlar kimi “xristian kubu”nun bir parçasına çevrildiyini çox yaxşı başa düşür”.
Onun sözlərinə görə, bu yanaşma sivilizasiyalar arasında dialoqun və etimadlı münasibətlərin formalaşmasına, müxtəlif mədəniyyətlərin dinc birgəyaşayışına, sülhə, təhlükəsizliyə deyil, qarşıdurmalara, müharibələrə xidmət edir. Halbuki UNESCO-nun da, digər beynəlxalq təsisatların da təməl missiyası humanizm prinsiplərinin təbliğinə və təşəkkül tapmasına xidmət etməkdən ibarət olmalıdır.
Siyasi ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına maneə yaradan amillər də şübhəsiz ki, məhz ayrı-ayrı qütblərin, ən başlıcası isə kollektiv Qərbin, ABŞ-ın və onların geosiyasi maraqlarının ifadəçisinə çevrilmiş beynəlxalq təşkilatların bitib-tükənməyən ikili standartlarından qaynaqlanır.
E.Mirzəbəyli Ermənistanın region dövlətləri ilə əməkdaşlıqdan uzaqlaşması, bölgəyə regiondankənar qüvvələri cəlb etmək istiqamətində siyasət yürütməsini, sülh sazişindən yayınmasını da məhz bu amillərlə əlaqələndirib. O bildirib: “Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayaraq onu viran qoyan, dövlətimizə və onun vətəndaşlarına miqyası yüz milyardlarla dollarla ölçülən ziyan vuran Ermənistanı himayə edənlər hələ utanmadan “demokratiya” və “insan haqları”ndan da danışırlar. Sanki fundamental hüquq və azadlıqların bir milyon azərbaycanlıya heç bir aidiyyəti yoxdur. Sanki Azərbaycan dövləti və xalqı imkanlarını işğaldan azad etdiyi torpaqlarını insanların yenidən yaşaya biləcəyi məkana çevirmək üçün bütün gücünü və potensialını səfərbər etmək məcburiyyətində qalmayıb. İşğaldan azad etdiyimiz ərazilərimizdə dağıdılan hər bir evin, uçurulan hər bir məbədin, ziyarətgahın, məzarın üzərində vandal Ermənistanla yanaşı, uzun illər boyu bu cinayətlərə göz yuman Qərbin və onun geosiyasi təzyiq alətinə çevrilən UNESCO kimi təşkilatların da “əl izi” var”.
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB
Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir
MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib