×
A
A
A
Sazlamalar

Azərbaycanlı ekspertlər beynəlxalq kibertəhlükəsizlik mərkəzlərində olublar

Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan “Cyberpoint” şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyəti Rumıniyanın Milli Kiber Təhlükəsizlik Direktoratlığının dəstəyilə “Kibertəhlükəsizlik ekspertlərinin beynəlxalq kibertəhlükəsizlik mərkəzlərinə səfəri” layihəsi çərçivəsində Rumıniyaya işgüzar səfəri həyata keçirilib.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti) çərçivəsində səfərin ilk günü nümayəndə heyəti ilə Rumıniya Respublikasının Milli Kiber Təhlükəsizlik Direktoratlığının rəhbəri Dan Cimpean, direktor müavinləri - Maria-Manuela Katrina və Qabriel Dinu, eləcə də Direktoratlığın müvafiq əməkdaşları arasında görüşlər keçirilib. Baş tutmuş görüşlərdə ölkələrin kibertəhlükəsizlik ekosistemi və bu sahədə son illər ərzində hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilmiş fəaliyyətə dair məlumat mübadiləsi aparılıb. Kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, potensial əməkdaşlıq istiqamətlərinə dair müzakirələr həyata keçirilib.
Səfər çərçivəsində, həmçinin Rumıniyanın “Silikon Vadisi” hesab edilən Kluj şəhərində yerləşən Babeş-Bolyai Universitetində görüşlər keçirilib. Universitet rəhbərliyi və pedaqoji heyətlə keçirilən görüşlərdə universitetin tarixi, fakültələri, tədqiqat mərkəzləri, həmçinin kibertəhlükəsizlik və kibercinayətkarlığa qarşı mübarizə sahəsində tədris və tədqiqat fəaliyyəti, eləcə də universitetin beynəlxalq əlaqələri haqqında məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüşlərdə AKTA İdarə Heyətinin sədri Elvin Balacanov Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədris və tədqiqat fəaliyyəti, habelə Assosiasiya tərəfindən icra edilən layihələr, təhsil müəssisələri və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədilə aparılan işlərdən danışıb. Bununla yanaşı, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilərək tələbələrin universitetdəki təhsili, təhsil və tədqiqat mühiti barədə düşüncə və təcrübələri, eləcə də AKTA-da onlar üçün mümkün olan təlim və karyera imkanları ətrafında məlumat mübadiləsi aparılıb.
Kluj şəhərinə səfər zamanı “Cluj IT Cluster” və “Transilvaniya IT Cluster” kimi Rumıniyanın nəhəng İT klasterlərinin nümayəndələri ilə də görüşlər keçirilib, klasterlərin üzvləri, xidmətləri, həlləri və imkanları barədə nümayəndə heyətinə məlumatlar verilib, eləcə də adıçəkilən klasterlərlə AKTA və AKTA üzvləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bununla yanaşı, nümayəndə heyəti “Orange” şirkətinin 5G və təhlükəsizlik əməliyyatları üzrə laboratoriyalarının fəaliyyəti və imkanları ilə tanış olub.
Buxarest Politexnik Universitetində keçirilən görüş zamanı isə universitetin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən kvant hesablamaları (“Quantum computing”) sahəsində təhsil və tədqiqat imkanlarına dair nümayəndə heyətinə məlumatlar təqdim edilib. Kvant hesablamaları sahəsində universitet tərəfindən magistratura təhsil pilləsində təqdim olunan təhsil proqramından gələcəkdə azərbaycanlı tələbələrin də yararlanması imkanlarına dair müzakirələr aparılıb.
Həmçinin səfər çərçivəsində “Safetech Innovations”, “BitSentinel”, “CyberEDU”, “National Center for Cyber Security Training Excellence (CSTCE)”, “Arcana.ai”, “OPSWAT”, “AI Vision”, “Zevo Tech”, “Hackout” və digər şirkət və startaplarla “B2B” formatında görüşlər təşkil olunub və görüşlərdə adıçəkilən şirkət və startaplar tərəfindən təqdim olunan xidmət və həllərlə bağlı nümayəndə heyətinə ətraflı məlumatlar təqdim olunub.
Səfərin yekununda nümayəndə heyəti Mərkəzi və Şərqi Avropanın ən böyük kibertəhlükəsizlik konfransı olan “DefCamp 2023” konfransında iştirak edərək sahə üzrə müxtəlif təqdimatları dinləyib, təşkil olunan sərgidə təmsil olunan müxtəlif yerli şirkət və startaplar, onlar tərəfindən təqdim olunmuş xidmət və həllərlə tanış olub.

İqtisadiyyat 2023-11-29 13:00:00