×
A
A
A
Sazlamalar

“Azərtütün” ASC istehsalçılardan 7,3 min tondan çox yaş tütün qəbul edib

Zaqatala, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin emal məntəqələri builki mövsümdə Şəkidə istehsalçılardan 3736,8 ton, Qaxda 1318,8 ton, Zaqatalada 1040,6 ton, Balakəndə 774,5 ton, Oğuzda isə 461,2 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaşıl tütün kütləsindən 821 ton quru tütün istehsal olunub və proses davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ASC tərəfindən builki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətin özünə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu rayonlarda 77 fermerlə müqavilə bağlanıb. Rayonların “Azərtütün” ASC ilə müqaviləsi olan tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının dərimi artıq başa çatıb. Mövsüm ərzində cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 7 min 331,8 ton yaşıl tütün kütləsi daxil olub.

Məntəqələrdə qurudulan tütün sonrakı mərhələdə “Azərtütün” ASC-nin Zaqatala rayonunda yerləşən tütün emalı zavoduna gətirilərək emal olunur və xammal hazırlanır.
Səhmdar Cəmiyyətin aqrar şöbəsinin müdiri Hüsamettin Koçhan AZƏRTAC-a bildirib ki, zavodda oktyabrın sonundan quru tütünün emalı prosesinə başlanılıb. Müəssisədə gündəlik 15 tonadək quru tütün emal olunur. İndiyədək zavodda quru tütündən 350 ton hazır xammal istehsal edilib.

 

Regionlar 2023-11-29 12:51:00