×
A
A
A
Sazlamalar

Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları

Bakı, 29 noyabr, AZƏRTAC
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka, oyun texnologiyaları” adlı panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, panelin moderatoru İtaliyanın "CultTech akselerator" layihəsinin nümayəndəsi Marino Pasquale olub.
Paneldə çıxış edən Almaniyanın “3dots” təşkilatının təsisçisi Çağıl Özdəmir bildirib ki, “Culttech” startapları texnologiyanın, mədəniyyətin və cəmiyyətin xeyrinə olan tətbiqdir. Qeyd edib ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq vacib məsələdir.
İtaliyanın “Mae” təşkilatının həmtəsisçi və baş marketinq direktoru Egle Trovato diqqətə çatdırıb ki, “Culttech” startapları adi startaplardan fərqlidir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə. İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atmalıdır. Biz birlikdə çağırışlara doğru getməliyik”.
İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlarından danışıb: “Hazırda aktual mövzu olaraq süni intellekt var, hansı ki, bir çox layihələrdə bizə kömək edir. Lakin mən çalışıram ki, daha çox insanlarla ünsiyyətdə olum. Çünki biz, insanlar və süni intellekt arasında bir tarazlıq yaratmalıyıq, insanlara qiymət verməyi unutmamalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələ ki, bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli, tətbiq etməliyik”.
“Luxout" şirkətinin təsisçisi Səbinə Atayeva bildirib ki, bir neçə il əvvəl yerli model brendlərindən danışarkən əhali onları almağa çəkinirdi: “Bu günlər artıq geridə qaldı. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu çox qürurverici haldır”.
Sonda panel sessiyası müzakirələrlə davam edib.

Mədəniyyət 2023-11-29 11:43:00