×
A
A
A
Sazlamalar

Azərbaycanlı rejissorun “Hədis” animasiya filmi Almaniyanın nüfuzlu festivalının qalibi olub

Bakı, 29 noyabr, AZƏRTAC

“Hədis” qısametrajlı animasiya filmi Almaniyanın 24-cü “Up-and-coming International Film Festival Hannover” festivalının mükafatını qazanıb. “Up-and-coming International Film Award” adlı mükafata festivalın beynəlxalq müsabiqəsinin üç filmi layiq görülüb.
Azərbaycan Animasiya Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 30-dan çox beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.
“ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Mədəniyyət 2023-11-29 11:08:00