Mahir Emreli: Beş komandalı qrupda 4-cü olmaq tarixi uğur deyil - MÜSAHİBƏ
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan yığması “Avro-2024”ün seçmə mərhələsində mübarizə apardığı F qrupunu 7 xalla 4-cü pillədə başa vurdu. Nəticəni və milli komandanın ümumi çıxışını necə qiymətləndirirsiniz?
- Yaxşı oyunlarımız, rəqiblərə çətinlik yaratdığımız matçlar oldu. Amma elə dövrdə futbol oynayırıq ki, mən sırf yaxşı oyunla kifayətlənmək istəmirəm. Nəticə olmadığı üçün onu qiymətləndirmək də mümkün deyil. İstədiyimiz qədər danışaq ki, belə yaxşı oynadıq, bunu etdik. Sonda yenə nəticəyə baxırsan.
- Komandanız Bakıda İsveç üzərində 3:0 hesablı qələbə qazandıqdan sonra səfərdə Belçikadan 5 cavabsız top buraxdı. Böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Oyunun gedişindən çox şey asılıdır. İsveçlə matçın ilk dəqiqələrində vurulan qollar vəziyyəti dəyişdi. Həmin epizodları dəyərləndirə bilməsəydik, hər şey fərqli də ola bilərdi. Oyunu necə analiz edib hazırlaşmaq da önəmlidir. Belçika ilə görüşdə baş məşqçimizin tapşırığı belə idi ki, rəqibi üçüncü zonada qarşılamalı və əks-hücumlarla nəyə nail olmalı idik. Yəni, bu cür rəqibə sənin cərimə meydançana kimi gəlməyə imkan vermək olmazdı. Çünki yüksəkkeyfiyyətli futbolçuları çoxdur, sizə problemlər yarada bilər. Ən azından cəsarətli futbol oynamaq olardı. İlk hissənin ortalarında aldığımız qırmızı vərəqə də oyuna təsir etdi. Belçika kimi komandaya qarşı 10 nəfərlə oynamaq həqiqətən çətindir.
- Bu yaxınlarda Azərbaycan millisindən ayrılan baş məşqçi Canni De Byazi deyib ki, ardıcıl beş qələbə qazanmaq, 5 komandalı qrupda dördüncü yeri tutmaq tarixi uğurdur. Bəs, siz necə düşünürsünüz?
- Dediyim kimi, buna tarixi uğur demək olmaz (gülür). Nailiyyət o halda olar ki, final mərhələsinə vəsiqə qazanarsan. Bəlkə sonuncu olmadığımız üçün buna pis nəticə deməmək olar. Amma uğur deyil. Bu, onun şəxsi fikridir. Xatırladığım qədərilə əvvəllər beş komandalı qrupda 1 xal qazana bilmişdik. Yəqin, De Byazi onu nəzərdə tutub.
- Sizcə, 2016-cı ildə Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxaran italiyalı mütəxəssis eyni uğuru Azərbaycanda niyə təkrarlaya bilmədi?
- Gedənin arxasınca danışmazlar. Albaniya ilə uğur qazanıb, təbrik edirəm. Bu, artıq keçmişdə qalıb. O barədə danışmağa ehtiyac yoxdur. Albaniya futboluna gəlincə, mənim Xorvatiyada dostum var, menecerdir. Onunla tez-tez bu barədə danışıram. Albaniya futbolunun bir sistemi var. Bu ölkənin uşaq futboluna baxsanız, görərsiniz ki, İtaliya A Seriyasının bütün klublarının aşağı yaş qrupları üzrə komandalarında albaniyalı oyunçular çıxış edirlər. Bu gün yığmada oynayan həmin futbolçular orada yetişiblər. Gəlin, Albaniya millisinin heyətinə baxaq. Görək, futbolçular hansı liqalarda oynayırlar? Bu, sistemdən irəli gələn inkişafdır. İllər öncə təməli qoyulub, indi də öz işini görür. Albaniya yığması da illərlə nüfuzlu turnirlərin final mərhələsinə vəsiqə qazana bilməyib. 2016-cı ildə çox çətinliklə bunu bacarmışdılar. O dövrü yaxşı xatırlayıram, çünki Ansi Aqolli Albaniya millisinin kapitanı idi, oyunlarını izləyirdik. Bu dəfə daha rahat vəsiqə qazandılar. Qrupdan lider kimi çıxdılar. Yəni, bu uğur həmin sistemin verdiyi bəhrədir. Düşünürəm ki, Albaniya və Kosovo futbolu getdikcə daha da inkişaf edəcək.
- Son vaxtlar milli komandada az oynamağınız nə ilə bağlıdır?
- Açığı, səbəbini bilmirəm. Əvvəllər De Byazi bunu klubumda az oynamağımla əlaqələndirirdi. Mənimlə problemi olduğunu deyə bilmərəm. Çünki mənim də heç kimlə problemim yox idi.
- Artıq yığmada Canni De Byazi dövrü bitdi. Milli komandaya yerli mütəxəssislərdən birinin başçılıq etməsi ilə bağlı müzakirələr gedir. Siz necə düşünürsünüz: yığmanı yerli, yoxsa əcnəbi mütəxəssis çalışdırmalıdır?
- Bu barədə bir söz deyə bilmərəm. Çünki bizim verəcəyimiz qərar deyil. Mən futbolçuyam. Kimin gəlməsindən asılı olmayaraq, üzərimə düşən işi görməyə çalışacağam. Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olar. Sadəcə onu deyim ki, meydana boş beyinlə yox, rəqibi doğru analiz edib çıxmaq, futbol oynamaq lazımdır. Qorxaq futbol sərgiləməyin heç bir adı yoxdur. Belçika kimi komandalara uduzsan, buna görə heç kim sənə heç nə deməyəcək. Rəqiblərin keyfiyyəti bəllidir. Amma yaxşı futbol oynayıb nə isə qazanmaq olar. Futbolda hər şey mümkündür.
- Qara Qarayevi milliyə çağırmayan Canni De Byazi səbəb kimi onun Belarusla oyunda vurulan qola sevinməməsini göstərib. Həmin matçdakı ilk qolun müəllifi siz olmusunuz. İkinci qolu isə Ramil Şeydayev vurub. Oyunda həqiqətən belə hadisə baş verib?
- Açığı, həmin oyunda belə bir hadisəni, Qaranın sevinməməsini xatırlamıram. Fikrim oyunda olduğu üçün həmin məqamlar yadımda qalmır. Qaranı şəxsən tanıdığım üçün deyirəm ki, ehtiyatda qalmaq onu məyus edə bilər, amma qələbəyə hər zaman çox sevinir. Bilirsiniz, hər futbolçu oynamayanda üzülə bilər. Bu, normal haldır. Əsəbi ola bilərsən. Lakin komandanın uduzmasını istəmək yolverilməzdir. Həmin vaxt komanda yoldaşların sual verə bilərlər ki, səni baş məşqçi oynatmır, bizimlə nə problemin var, niyə sevinmirsən? Qaranın hamı ilə münasibəti yaxşıdır. Həmin oyunda o cür pis hadisənin olduğunu xatırlamıram. Baş məşqçinin öz fikridir, heç nə deyə bilmərəm. Aralarında hansı söhbətin olmasından da xəbərsizəm. Amma dediyim kimi, Qaranın o düşüncədə olacağına inanmıram. Çünki elə insan deyil.
- "Dinamo"dakı durumunuzdan necə, razısınız? Bu mövsüm Zaqreb klubunda daha çox şans qazanırsınız...
- Bu mövsüm daha yaxşı oldu. İyirmiyə yaxın oyun oynadım. Sona hələ altı tur var. Daha yaxşı nəticə qazanıb liderlə fərqi azaltmağa çalışacağıq. Burada da mənim üçün komandanın uğur qazanması daha vacibdir. Nə qədər oynamağımın önəmi yoxdur. Amma statistika baxımından bu mövsüm “Dinamo”da vəziyyət mənim üçün daha yaxşıdır.
- Komandanız hazırda turnir cədvəlində 27 xalla dördüncü pillədədir və liderdən 9 xal geri qalır. Qeyri-sabit çıxışı nə ilə əlaqələndirirsiniz?
- Burada ani baş məşqçi dəyişikliyi rol oynaya bilər. Yeni gələn mütəxəssisin komanda ilə tam çalışmağa zamanı olmadı. Üç gündən bir, bəzən həftədə üç matç keçiririk. Məşqlərdə taktiki və digər məsələlərə tam olaraq vaxt ayıra bilmirik. Milli komandalara gedən futbolçular var. Birlikdə normal məşq keçə bilmirik. Buna baxmayaraq, xarakter göstərib sonadək mübarizə aparmağa və yaxşı nəticələr qazanmağa çalışırıq. Düşünürəm ki, komanda qışdan sonra daha yaxşı çıxış edəcək.
- Yenidən Azərbaycan çempionatına qayıtmağı düşünürsünüz? Belə bir variant olarsa, "Qarabağ"dan başqa komandada oynayarsınız?
- Hazırda qayıtmaq barədə düşünmürəm. Amma gələcəkdə nəyin necə olacağını bilmək olmur. Ona görə də fikrimi indiki işimə yönəltsəm, daha yaxşı olar. Özümü Azərbaycanda “Qarabağ”dan başqa klubda təsəvvür etmirəm.
“Sabah” FIBA Avropa Kubokunda ilk oyununu keçirib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib
Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər