×
A
A
A
Sazlamalar

"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib

Bakı, 28 noyabr, AZƏRTAC
Ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən kompensasiya ödənişlərinin verilməsinə başlandığı ilk gün ərzində rekord məbləğdə kompensasiya ödənişi həyata keçirilib.
ADIF-dan AZƏRTAC-a bildirilib ki, ötən gün ərzində bankın qorunan əmanətçilərindən 1849 nəfərə 65 milyon manatdan artıq kompensasiya ödənişi edilib. Bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32 faizini təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etməkdədir.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən başlanılıb. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə uğurla həyata keçirilməkdədir.
Əmanətçilərə bir daha xatırlatmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

İqtisadiyyat 2023-11-28 17:21:00