Hərbi qulluqçular arasında bilik yarışması keçirilib VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “İntellekt” adlı bilik yarışması keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin həyat və fəaliyyəti, ordu quruculuğuna verdiyi töhfələr barədə geniş məlumat veriblər. Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə olan ümumxalq sevgisinin təcəssümü, böyük ehtiramın göstəricisidir.
Plana uyğun olaraq üç turdan ibarət bilik yarışmasına Heydər Əliyev adına Hərbi İnstitutun və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından, eləcə də Bakı Qarnizonunun hərbi qulluqçularından ibarət doqquz komanda qatılıb.
Bilik yarışmasının keçirilməsində əsas məqsəd şəxsi heyətin intellektual səviyyəsinin inkişafı, dünyagörüşünün artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi, həmçinin asudə vaxtının səmərəli təşkilidir.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada Hərbi Dəniz Qüvvələrinin matrosları birinci, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ikinci, “N” hərbi hissəsinin əsgərləri isə üçüncü yerə layiq görülüblər.
Sonda qalib komandalara mükafatlar təqdim edilib.
Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər
Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar VİDEO
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib