Azərbaycan və Türkiyə müdafiə nazirləri birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyini müzakirə ediblər
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib.
Hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə naziri əlaqələrimizin daha da genişləndirilməsi baxımından belə görüşlərin zəruriliyini qeyd edib.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Vətən müharibəsinin xronikası: 6 oktyabr VİDEO
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb