×
A
A
A
Sazlamalar

“Les Papilles du monde” festivalında Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim olunub VİDEO

La Roşel, 27 noyabr, AZƏRTAC

La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunub. Festivalda ənənəvi mətbəx və mədəniyyət vasitəsilə ölkələrin kulinariyası və mədəniyyəti təşviq edilib.
AZƏRTAC xəbər verir ki, Fransada fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi və təqdimatı maraqla qarşılanıb.
Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin qutab, plov kimi dadlı təamlarına qonaq ediliblər.
Ziyarətçilər “Qarabağ” şərabı, onun hazırlandığı üzüm növü və hazırlanma metodu ilə maraqlanıblar. Azərbaycan şərabının yüksək keyfiyyətli olduğunu bildiriblər. Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əsk etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar.
Səfir Leyla Abdullayeva festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və xalqımızın milli mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı baş örtüyü, eləcə də tar və kamança musiqi alətləri haqqında ətraflı məlumat verib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışıb.
Eyni zamanda, Azərbaycan səfiri yerli radioya mədəniyyətimiz və mətbəximizlə bağlı müsahibə verib.
İştirakçı ölkələrin mədəniyyət proqramlarının təqdimatı zamanı səfir Leyla Abdullayeva çıxış edərək, festival təşkilatçılarına Azərbaycan mədəniyyəti və mətbəxinə dair məlumat verilməsinə yaradılmış bu imkana görə təşəkkür edib, mədəniyyətimiz və mətbəximiz haqqında danışıb.
Sonra milli geyimdə Azərbaycan rəqsi təqdim edilib. Rəqs zamanı böyük ekranda Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Təşkilatçılar yüksək səviyyəli təqdimata görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Festivalda Avropa, Afrika və Asiya qitələrindən olan çoxsaylı ölkələrin mədəniyyəti və milli mətbəxi təqdim olunub.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2023-11-27 03:19:00

Video