×
A
A
A
Sazlamalar

Tbilisidə Abdulla Şaiqin “Çoban” pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olub

Tbilisi, 26 noyabr, AZƏRTAC

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Çoban” pyesinin motivləri əsasında hazırlanmış eyni adlı tamaşanın noyabrın 26-da premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşa Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının kollektivi tərəfindən səhnələşdirilib.
Tamaşanın premyerasında Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər.
Tamaşanın rejissoru, “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu bildirib ki, uşaqlar artıq Azərbaycan və gürcü yazıçılarının əsərləri əsasında bir neçə səhnəciklər hazırlayaraq tamaşaçılar qarşısına çıxıblar. Məqsəd günümüzün reallığı olan bəzi hadisələri orijinallığı ilə diqqətə çatdırmaqdır. Tamaşada həmin dövrdə mövcud olan cahillik və digər problemləri uşaqların dili ilə təqdim edilir.
Teatrın balaca aktyor və aktrisaları Nuri Qurbanov, Zəhra Akif, Seymur Muradov, Əzəm Əfəndiyeva və Məryəm Əliyeva rolları məharətlə ifa ediblər.
Tamaşa zamanı Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasından hissələr da ifa edilib.
“Çoban” tamaşasının rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2023-11-26 22:17:00