×
A
A
A
Sazlamalar

İstanbulda keçirilən “Stratcom 23” başa çatıb

İstanbul, 25 noyabr, AZƏRTAC

İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 23” başa çatıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu il “Hibrid təhlükələr ilə qlobal mübarizə: sabitlik, təhlükəsizlik, həmrəylik” mövzusuna həsr olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev təmsil edib. O, tədbirin ikinci günü keçirilən “Strateji kommunikasiyaların yeni dilemmaları: İnformasiya təhlükəsizliyi və şəffaflıq” mövzusunda panel iclasda iştirak edib.
Panel iclasında dünyada informasiya çoxluğunun insanlar arasında çaşqınlığa səbəb olduğu və bunun cəmiyyətin təhlil qabiliyyətinə maneələri haqqında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, strateji kommunikasiya güclü dövlətin, o cümlədən davamlı iqtisadiyyatın, sosial rifahın və təhlükəsizliyin əsas göstəricilərindəndir.
İki gün davam edən tədbirdə “Qeyri-müəyyənlik dövründə hibrid təhlükələr”, “Hibrid təhlükələrə qarşı yeni cəbhələr”, “Rəqəmsal əsrdə ictimai ünsiyyət” kimi mövzularda doqquz panel iclas keçirilib.
Tədbirin bağlanış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun hibrid təhlükələrin xalqları və millətləri təhlükə altında qoyma səviyyəsinə çatdığını, dünya xalqlarının bu gün üzləşdiyi ortaq problemin qlobal ədalətsizlik olduğunu deyib.
Sonda “Stratcom 23”ün Niyyət Bəyannaməsi qəbul edilib. Bəyannamədə dezinformasiyanın demokratiyalara xələl yetirdiyi, fərdi hüquq və azadlıqları hədəf alaraq faciəvi nəticələrə gətirib çıxardığı, ədalət və həqiqətin sülhə aparan yeganə yol olduğu və sair qeyd olunub.

Cəmiyyət 2023-11-25 22:21:00