×
A
A
A
Sazlamalar

Otuz bir il sonra doğma Kəlbəcərə qayıdan üç nəsil, yarım qalmış xatirələrlə “tanışlıq” - VİDEOREPORTAJ

Bakı, 25 noyabr, AZƏRTAC

AZƏRTAC-ın müxbiri Fərid Səlimov 31 il sonra valideynlərinin doğulduğu doğma yurdu Kəlbəcərdə olub. Səfər zamanı nənəsi Gülzar Səlimovaya və atası İlham Səlimova bələdçilik edən gənc jurnalist onların yerlə-yeksan edilən yurd yerlərində yaşadıqları həyəcanlı anları kameraların yaddaşına həkk edib.
Kəlbəcərdə doğulmasa da, buranın ona çox doğma olduğunu bildirən gənc jurnalist həyəcanlı olduğunu gizlədə bilmir. Çünki indiyədək görmədiyi bu yolu ilk dəfə doğmaları ilə gedir.
Fərid Səlimov Kəlbəcər barədə ona nağıllar, hekayələr, əhvalatlar danışan, bu torpağı sevdirən atasının və nənəsinin də həyəcanlı olduqlarını söyləyir.
Atasının təhsil aldığı məktəbin önündə onun yaşadığı həyəcanın təsadüfi olmadığını deyən jurnalist qeyd edib: “Çünki o məktəbin xarabalıqları, uçulub dağılan divarları atama çox şey deyirdi... Əslində, bu məktəb mənə də tanışdı. Atam buranı mənə o qədər təsvir edib ki, qapısını, zəngini, həyətindəki çal-çağırı sanki özüm görmüşəm, sanki bu məktəbdə atam deyil, mən oxumuşam...”.
Jurnalist nənəsi haqqında da danışıb. O deyib: “Ömrünün ən gözəl çağları Kəlbəcərdə keçən nənəm düz 31 il sonra - 66 yaşında doğma yurduna qayıtdı. Amma burada nə tikib qurduqlarını, nə də dolu qoyub getdikləri evini tapdı. 31 ilin o üzündə qalan ömrünü ona xatırladan, sadəcə, pas atmış qab-qacaqları, bir də qəlbində qoruyub yaşatdığı xatirələri...”.
Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən sonra işğal altındakı digər torpaqlarımız kimi, Kəlbəcər rayonu da erməni işğalçılarından təmizləndi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. İndi digər ərazilərimiz kimi, Kəlbəcərə də yeni həyat qayıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin miqyası və sürəti onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tezliklə Kəlbəcərə də qayıdacaqlar.

Cəmiyyət 2023-11-25 21:52:00

Video