×
A
A
A
Sazlamalar

QHT sədri: Sosial sahədəki uğurlar dövlətimizin başçısının bu sahəyə xüsusi diqqətinin göstəricidir

Bakı, 25 noyabr, AZƏRTAC
Hər bir dövlətin iqtisadi, sosial gücünü və inkişafını göstərən vacib elementlərdən biri də dövlət büdcəsidir. Dövlət büdcəsinin müqayisəli təhlili nəticəsində iqtisadi artım və sosial müdafiə tədbirlərinin güclənməsinin şahidi olmaq mümkündür. Rəqəmlərə müraciət etsək, son 10 ilə yaxın dövrdə Azərbaycanda dövlət büdcəsinin təqribən 2 dəfə artığını görə bilərik. Məsələn, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri 18 milyard 495 milyon manat olduğu halda, 2024-cü il üçün bu rəqəmlər müvafiq olaraq 34 milyard 173 milyon manat və 36 milyard 763 milyon manat məbləğində planlaşdırılır. Bu iqtisadi artım son illərdə ölkəmizdə bütün sahələrdə müşahidə olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.


QHT sədri fikirlərinin davamı olaraq bildirib ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat və 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat, xərcləri 36 milyard 624,8 milyon manat olub. Növbəti il üçün isə qeyd etdiyimiz kimi, bu rəqəm 34 milyard 173 milyon manat və 36 milyard 763 milyon manat məbləğində planlaşdırılır. Son 4 ilin artımı isə təqribən 35 faiz həcmindədir. Dövlət büdcəsinin formalaşdırıldığı zaman Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlərin ən vacibi isə hər zaman sosial sahə olub. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən islahatların ana xəttini vətəndaşların sosial rifahının gücləndirilməsi təşkil edir. Bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun əyani nəticəsi olaraq qeyd edə bilərik ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Xatırlasaq görərik ki, 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idi. Aparılan uğurlu dövlət siyasəti nəticəsində hazırda bu rəqəm cəmi 5,5 faiz təşkil edir. Onu da qeyd etmək lazımdır ki, bu uğurlu göstəricilər, eyni zamanda, Azərbaycanın müharibə şəraitində olduğu, bu müharibə nəticəsində həssas kateqoriyadan olan xeyli vətəndaşın sosial təminatının gücləndirilməsi, onların sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə paralel əldə edilib. Bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti mərkəzində olub.

“Xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlətimizin başçısının tapşırığı ilə 2018-ci ildən başlanan dərin sosial islahatlar uğurla davam edir. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib və güclənib. 2018-2023-cü illər ərzində orta aylıq əməkhaqqı 70 faiz, minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Bütün bu uğurlar ölkə rəhbərinin sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyətinin və diqqətinin göstəricidir. Bu nəticələr, heç şübhəsiz, dövlət büdcəsinin tərkibində sosial xərclərin mühüm əhəmiyyət kəsb etməsi ilə müşahidə olunur. Bu illər ərzində dövlət büdcəsinin tərkibində sosialyönümlü xərclər hər zaman 43- 45 faiz civarında olub”, - deyə C.Hüseynzadə əlavə edib.

Onun sözlərinə görə, büdcədə sosialyönümlü xərclərin öz prioritetliyini qoruyub saxlaması Azərbaycan vətəndaşlarının sosial rifahının daim diqqətdə olmasının göstəricisidir. Bu isə dövlətimizin başçısının aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi məsələlərin hər zaman xüsusi diqqətə saxladığını bir daha sübut edir. Qeyd olunan rəqəmlər, eyni zamanda, göstərir ki, Azərbaycan dövlətinin iqtisadi gücü artır və bu iqtisadi artım özünü sosial siyasətdə aydın formada nümayiş etdirir. Sosial sahədə vacib elementlərdən biri də işlək sosial mexanizmlərin dövriyyəyə daxil olmasıdır. Nümunə kimi qeyd etmək olar ki, 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 5 milyard 288,1 milyon manatının, yaxud 76,4 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Bu isə artıq bəzi sosial ödənişlərin dayanıqlı olaraq artan xətt üzrə inkişafına zəmanət verir. Qeyd olunan bütün bu uğurlar Prezident İlham Əliyevin ölkəmizdə sosial sahəyə xüsusi diqqətinin bariz təzahürüdür.

Cəmiyyət 2023-11-25 18:22:00