Maurisio Şveyser – Çelentanonun rəsmi oxşarı: “Xalqlarımızın ortaq cəhətləri çoxdur” VİDEO
Bakı, 25 noyabr, Anara Axundova, AZƏRTAC
Noyabrın 24-də Heydər Əliyev Sarayında Adriano Çelentanonun rəsmi oxşarı Maurisio Şveyserin konserti olub. Artist ikinci dəfədir ki, Bakıya gəlir, hər dəfə də tamaşaçılar onu çox yaxşı qarşılayır. Digər ölkələrdə olduğu kimi.
Maurisio Şveyser - italyan musiqisi tarixində ən uğurlu ifaçılardan biri olan Çelentano obrazını məharətlə canlandıran tanınmış italyan aktyorudur. Ulduzun səhnəni rəsmən tərk etməsindən sonra Maurisio Şveyser onun əsas varisi oldu. “Celentano Tribute Show” uğurla bütün dünyaya səyahət edib. Maurisio çıxışlarında Çelentano hitlərini ifa edir, bu mahnıların sözlərini, gərək ki, yaşından və millətindən asılı olmayaraq hamı bilir.
Şounun başlanmasından əvvəl artist AZƏRTAC-ın müxbiri ilə söhbət edərək, Bakı şəhəri və Azərbaycan mədəniyyəti haqqında təəssüratlarını bölüşüb.
- Maurisio, bu, Sizin Bakıya ikinci səfərinizdir. Siz burada özünüzü necə hiss edirsiniz? Şəhər xoşunuza gəlir?
- Deməliyəm ki, buradan çox xoşum gəlir. Dünən axşam gəlmişəm (noyabrın 23-də - red.), hoteldə yerləşdim, istirahət etmək üçün vaxt lazım idi. Lakin keçən dəfə vaxtım daha çox idi, şəhəri gördüm, Köhnə şəhəri (İçərişəhər - red.) - qalanızı gördüm, dənizdə oldum. Şəhərin müasir hissəsini də gördüm. Bakı kifayət qədər təzadlı şəhərdir: keçmiş, indiki zaman və gələcək. Bu, çox maraqlı şəhərdir.
- Deyirlər ki, azərbaycanlıların və italyanların həm zahirən, həm də mentalitet baxımından çox oxşar cəhətləri var. Siz bunu müşahidə etmisinizmi?
- Bəli, bu belədir. Xalqlarımızın ortaq cəhətləri çoxdur. Həmçinin musiqi də bizi birləşdirir. Bizi dinləmək üçün buraya təşrif buyuranlar üçün konsertdə kiçik sürprizimiz var.
- Yeri gəlmişkən, musiqi barədə. Azərbaycan musiqisini dinləyə bildinizmi? Bəyəndinizmi?
- Bəli, bir qədər dinləyə bildim. Bu musiqidə Qafqaz təsiri, gözəl ritm var, bu da mənim çox xoşuma gəlir. Bu musiqi enerji ötürür, daxildən təsir edir.
- Adriano Çelentano bütün dünyada sevilir. Musiqisini indiyə qədər dinləyirlər. Bu, qeyri-adidir. Necə düşünürsünüz, onun qeyri-adiliyi nədən ibarətdir?
- Bunu izah etmək çətindir. Çelentano italyan musiqisinin tarixini yazan şəxsiyyətlərdən biridir. O, 1950-ci illərin sonundan bu günə qədər italyan musiqisində dönüş edib. O, necə deyərlər, ulduzdur, superulduzdur. O, nadir insandır.
- Siz dünyanın hər yerinə qastrol səfərləri edirsiniz. Sizi ən yaxşı harada qarşılayırlar və niyə görə, necə hesab edirsiniz?
- Belə deyək. Çelentano obrazında çıxış etdiyimə görə, bizi hər yerdə çox yaxşı qarşılayırlar. Harada olsam da - çox sayda ikinci və ya üçüncü nəsil italyanların olduğu Kanadada, Amerikada, onlar bizim konsertlərimizə məmnuniyyətlə gəlirlər. Həmçinin digər xalqların nümayəndələri hər zaman maraqla və məmnuniyyətlə çıxışlarımıza gəlirlər. Belə şəraitdə işləmək bizim üçün çox xoşdur.
- Bəs Azərbaycan tamaşaçıları sizin çıxışlarınıza necə reaksiya verir?
- Birinci konserti çox yaxşı xatırlayıram. Çox səmimi, rəngarəng atmosfer var idi. Məhz orada mən bizim, italyanlar və sizin, azərbaycanlıların oxşarlığını gördüm.
- Azərbaycana bir daha gəlməyi planlaşdırırsınızmı?
- Əlbəttə. Çox yaxşı və çox gözəl olan nəyisə gördüyün və hiss etdiyin zaman, hər zaman onu təkrarlamaq istəyirsən. Aydındır ki, mən indi gələcəyə proqnoz verə bilmirəm, lakin imkan olsa, mütləq qayıdacağam.
P.S. Biz Heydər Əliyev Sarayındakı müsahibəyə razılaşdırılmış vaxtdan bir qədər tez gəldik, Maurisio hələ məşq edirdi. Biz isə sənətçinin qarşımıza çıxmasını gözləyərkən onun oxuduğunu eşitdik. Ətrafımızda olan insanlar da - həm çox gənc mühafizəçi, həm də daha yaşlı qarderob işçisi onun ifasının təsiri altında mahnını təkrar edirdilər: Saray işçilərindən biri mənə yaxınlaşdı və müsahibə alacağımı bilərək xahiş etdi: “Qızım, zəhmət olmasa, soruş, bu gün “Süzanna” mahnısını oxuyacaqmı?” O mənə baxırdı, gülümsəyirdi, gözləri parlayırdı, baxışları isə həm xəyalpərəst, həm də kədərli idi. Sanki o burada deyil, haradasa orada - gəncliyinin xoşbəxt xatirələrində idi.
Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub
Akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə hazırlanmış vəsait istifadəçilərə təqdim olunub