×
A
A
A
Sazlamalar

Aytən Abdullayeva: Şuşada dövlət mühafizəsinə götürülmüş 210 tarixi abidə və mədəniyyət abidəsi yerləşir

Şuşa, 25 noyabr, AZƏRTAC

Şuşa şəhərinin Baş və müfəssəl planının hazırlanması Bakı Dövlət Layihə İnstitutunun layihəsi əsasında aparılır. Planlaşdırılan ərazinin ümumi sahəsi 389,58 ha təşkil edir. 2026-cı ilə qədər Şuşaya 2000-ə yaxın sakinin köçürülməsi planlaşdırılır.
Bunu AZƏRTAC-a müsahibəsində Türk dünyası memarlarının Şuşa simpoziumunun iştirakçısı, Bakı Dövlət Layihə İnstitutunun Planlaşdırma şöbəsinin müdiri Aytən Abdullayeva deyib.
Onun sözlərinə görə, şəhərin Baş və müfəssəl planının hazırlanmasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti də iştirak edir. Layihədə tarix və mədəniyyət abidələrinin mühafizəsi, müxtəlif məkan həllərinin köməyi ilə şəhərlə inteqrasiyası diqqətdə saxlanılıb.
“Şuşa rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 210 tarixi abidə və mədəniyyət abidəsi yerləşir. Bunlardan biri, yəni Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dünya əhəmiyyətlidir. Abidələrdən 49-u ölkə, 160-ı isə yerli əhəmiyyətlidir.
Monitorinqlər nəticəsində Şuşa rayonunda 10 yeni tarix və mədəniyyət abidəsi aşkar edilib”, - deyə A.Abdullayeva diqqətə çatdırıb.
Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı bildirib ki, Şuşa şəhərinin planının hazırlanmasında mədəniyyət zonalarının şəhərboyu paylanılmasına və komplekslilik prinsipinə əməl edilib.
Qeyd edilib ki, ərazidə əhalinin sayına görə 15 məktəbəqədər təhsil müəssisəsinin, 6 uşaq bağçasının layihələndirilməsi planlaşdırılır. Həmçinin layihədə səhiyyə müəssisələri, muzey, ticarət və əyləncə mərkəzi, rabitə evi, poçt binası, radio və televiziya yayım stansiyasının, digər sosial və iaşə obyektlərinin inşası nəzərdə tutulur.

Mədəniyyət 2023-11-25 12:53:00