×
A
A
A
Sazlamalar

Muzey Mərkəzində Zəfər Gününə həsr edilmiş rəsm müsabiqəsinin mükafatlandırma mərasimi olub

Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Zəfər Gününə həsr edilmiş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsinin yekun sərgisinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavinləri Murad Hüseynov, Fərid Cəfərov və digər mədəniyyət xadimləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Azərbaycan gənclərinin Vətənə olan sevgilərini öz əsərləri ilə sübut etmələrinin sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, İctimai Birliyin əsas məqsədi yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından tanıtmaqdır.


Xalq rəssamı Ağaəli İbrahimov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Günü ilə əlaqədar olan bu sərginin təqdirəlayiq olduğunu bildirib: “İlk dəfədir ki, həm peşəkar, həm də həvəskar rəssamlar sərgidə birlikdə iştirak edirlər. Ulu Öndər hər zaman rəssamlara xüsusi diqqət və qayğı göstərərdi. Onun özünün çəkdiyi rəsmlər hazırda Naxçıvan Muzeyində saxlanılır. Onu da deyim ki, Amerika Birləşmiş Ştatları, İtaliya və Fransadan gələn sənətşünaslar Azərbaycanda rəssamların əl işləri ilə bağlı həmişə yüksək fikirdə olublar".
Tədbirdə xalq rəssamı Arif Hüseynovun Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif olunduğu da diqqətə çatdırılıb.
Daha sonra rəsm müsabiqəsinin mükafatlandırma mərasimi olub.
Mərasimdən sonra qonaqlar sərgiyə baxıblar.


Münsiflər heyətinin üzvləri Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, “Şöhrət” ordenli Arif Hüseynov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, o cümlədən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli olub.
“Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.

Mədəniyyət 2023-11-24 21:21:00