×
A
A
A
Sazlamalar

Argentinanın tanqo, malbek və incəsənət gecəsi

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Argentinanın Azərbaycandakı səfirliyi “Argentinanın tanqo, malbek və incəsənət gecəsi” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi çıxış edib. O qeyd edib ki, tanqo, malbek və incəsənətin ahəng təşkil etdiyi bu tədbirdə Argentina Günü qeyd olunur.
Bu il Argentina ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edildiyini diqqətə çatdıran səfir deyib: “Əminəm ki, xalqlarımız arasında dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcək. Həm Argentinanın, həm də Azərbaycanın müxtəlif mədəniyyətlərə açıq və tolerant ölkələr olduğunu görmək çox xoşdur. Düşünürəm ki, bu, argentinalıların Azərbaycanda özlərini doğma vətənlərindəki kimi hiss etmələrinə səbəb olmaqla yanaşı, Azərbaycan xalqının da Argentina mədəniyyətinə dəyər verdiyini göstərir”.
“Bugünkü tədbirdə biz Argentinanın iki əsas elementi olan malbek və tanqonu izləyəcəyik”, - deyən xanım səfir qeyd edib ki, malbek şərabının istehsal olunduğu ərazi And dağlarının yaxınlığında yerləşir: “Bu gün sərgilənən rəsm əsərlərində Argentinanın üzüm bağları mükəmməl şəkildə əks olunub. Digər tərəfdən, Argentina tanqo rəqsi ilə də tanınır ki, bu da argentinalıların nə qədər emosional xalq olduğunu göstərir. Eyni zamanda, tanqo xalqlarımız arasında bağların yaranmasına kömək edir. Bugünkü tədbirdə Argentina və Azərbaycan rəqqasları çıxış edərək mədəniyyət və incəsənətin ölkələrimiz arasında necə körpü qurduğunu, onların hiss və emosiyalar vasitəsilə birləşdiyini göstərəcəklər. Ümid edirəm ki, siz bu gecədən zövq almaqla yanaşı tanqo, malbek və incəsənət vasitəsilə Argentinanı daha yaxından tanıyacaqsınız”.
Beynəlxalq Qalereyanın layihə rəhbəri Elnurə İsgəndorava çıxışında diqqətə çatdırıb ki, sərgi iki dost xalq arasında mədəni əlaqələrin inkişafına xidmət edir. O, qalereya ilə birlikdə bu gözəl layihəni ərsəyə gətirdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib.
Tədbirdə Argentina incəsənətinə məxsus rəsm sərgisi, yerli tanqo cəmiyyəti tərəfindən hazırlanmış tanqo performansları nümayiş edilib və şərabların dequstasiyası keçirilib.

Mədəniyyət 2023-11-24 20:53:00