×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasının Opera studiyasında “Muğam axşamı” adlı konsert olub

Bakı, 24 noyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xor kollektivi dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə “Muğam axşamı” adlı konsert proqramı təqdim edib. Konsertin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafız Quliyevdir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, konsert proqramında Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Gülüstan Əliyeva, Səbuhi İbayev, Arzu Əliyeva, İlkin Əhmədov, həmçinin solistlər Mütəllim Dəmirov, Rəvamə Əmiraslanlı, Mirəli Sarızadə, Xəyal Hüseynov və digərləri çıxış ediblər.
Konsertdə “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Natəvan” operalarından səhnələr ifa olunub, xalq mahnıları, muğam və təsniflər səsləndirilib.
İfaçıları tarzənlər - Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elxan Mansurov, kamança ustası Əməkdar artist Elnur Əhmədov və instrumental ansambl müşayiət edib.

Mədəniyyət 2023-11-24 20:03:00