×
A
A
A
Sazlamalar

Strasburqda Şuşa haqqında kitab işıq üzü görüb

Paris, 24 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Pommierin həmmüəllifi olduqları “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi tərəfindən fransız dilinə tərcümə edilərək nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsindən bəhs edən bu kitabın Strasburqda keçirilən təqdimatında Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov müəlliflərə və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin kollektivinə təşəkkürünü bildirərək, bu nəşrin fransız oxuculara Şuşa şəhərinin Azərbaycan xalqı üçün daşıdığı misilsiz dəyərin çatdırılmasına önəmli bir töhfə verəcəyinə inamını ifadə edib. İşğal dövründə Şuşanın məruz qaldığı dağıntıları xatırladan F.İsmayılov 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şəhəri azad etdikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıb. O, fransız dilində işıq üzü görən kitabın oxucuları Azərbaycanın bu füsunkar diyarına səfərlər həyata keçirməyə təşviq edəcəyinə ümidvarlığını bildirib.
Azərbaycan ədəbiyyatının fransız oxuculara təqdim olunması sahəsində ixtisaslaşan “Kəpəz” nəşriyyat evinin prezidenti Valentin Da Fonseka Şuşa barədə kitabın çapı ilə əlaqədar rəhbərlik etdiyi kollektivin sevincini dilə gətirib və bu əsərin oxucular üçün Şuşaya, ümumiyyətlə, Azərbaycanın zəngin mədəniyyətinə açılan pəncərə rolu oynadığını söyləyib. O, yenicə çapdan çıxmış kitabın artıq Fransanın əksər kitabxanalarında, eləcə də internet vasitəsilə sifariş edilə biləcəyini vurğulayıb.
Daha sonra “Kəpəz” nəşrlərinin yaxından izləyicisi olan hüquq elmləri doktoru, vəkil Tieri Edmond kitabın mahiyyəti barədə hazırladığı xülasəni tədbir iştirakçıları ilə bölüşüb. Kitabın gözoxşayan tərtibatı və əks etdirdiyi materialların əhatəliliyini vurğulayan T.Edmond əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri barədə məlumatlardan və fotoşəkillərdən ibarət fəsilləri ayrıca qeyd edib. O, Şuşanı Azərbaycan tarixinin və mədəniyyətinin bir rəmzi kimi təcəssüm etdirən bu kitabın beynəlxalq aləmdə fransızdilli oxucular tərəfindən maraqla qarşılanacağına inandığını bildirib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2023-11-24 18:54:00