×
A
A
A
Sazlamalar

Macarıstanın XİN başçısı: “Azərbaycan müttəfiq və xalqımız üçün dost ölkədir”

Cəbrayıl, 24 noyabr, Eyyub Ələsgərov, AZƏRTAC

Biz Azərbaycan və Macarıstan arasında bugünkü strateji tərəfdaşlığı qurmaq üçün 13 ildən çoxdur bərabər işləyirik. Azərbaycanı müttəfiq, eyni zamanda, macar xalqı üçün dost ölkə kimi görürük. Bu dostluq təkcə təbii qaz marağından irəli gəlmir. 13 il bundan əvvəl biz Macarıstanın Baş naziri ilə Azərbaycana təşrif buyuranda, o zaman bizim avropalı qonşularımız, dövlətlər bizi tənqid etməyə başladılar ki, “nə üçün siz Azərbaycana səfər edirsiniz, onunla əməkdaşlıq qurursunuz?”. Bu gün həmin Qərb ölkələrinin liderləri Azərbaycan Prezidenti ilə həm ölkənizin resurslarından faydalanmaq, həm də şəkil çəkdirmək üçün növbə gözləyirlər.
AZƏRTAC-ın Cəbrayıla ezam olunan müxbiri xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.
O deyib: “Bizim Azərbaycanla dostluğumuz səmimi və real dostluqdur. Biz nə vaxt Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləmək lazımdırsa, həmişə orada fəal iştirak edirik və onu dəstəkləyirik. Biz ilk zamanlardan bildirmişik ki, hazırda Azərbaycanda gedən bərpa və yenidənqurma işlərində iştirak etməkdə maraqlıyıq. Mən bu gün Füzuli aeroportundan buraya gələrkən yolboyu müşahidə etdim ki, həqiqətən burada görüləcək böyük işlər var. Buraları bərpa etmək üçün böyük səylər lazımdır. Məmnunluqla bildirmək istəyirəm ki, Azərbaycanla Macarıstan hökumətləri arasında əldə olunan razılaşmaya görə, Macarıstan şirkətləri Soltanlı kəndində aparılacaq yenidənqurma işlərinə öz töhfələrini verəcəklər”.
Ən böyük macar tikinti şirkətlərindən birinin layihəni hazırlayıb yaxın zamanda tikinti işlərinə başlayacağını söyləyən Peter Siyarto bildirib ki, təxminən 5-6 min insanın öz kəndlərinə qayıdıb yaşaması üçün bütün lazımi infrastruktur tikilib istifadəyə veriləcək. “Biz bilirik ki, burada əvvəl yaşayanlar kəndlərini zorla tərk ediblər. İndi geri qayıtmağa imkan yaranıb, belə şərait yetişib. Bugünkü Soltanlı kəndinin təməlqoyma mərasimi bu prosesin başlanğıcıdır. Bu gün çox mühüm gündür. Eyni zamanda, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da inkişafına təkan verəcək”, - o qeyd edib.
“Biz macarlar sülhsevər xalqıq. Biz bilirik ki, azərbaycanlılar da sülhsevər xalqdır. Bu regiondakı bütün insanların hüququ var ki, onlar gələcəkdə sülh içində yaşasınlar. Bunun üçün tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Biz bunu dəstəkləyirik. Allahdan arzum budur ki, biz bu tikinti işlərini qısa vaxtda yekunlaşdıraq və siz bura qayıdasınız” - deyə P.Siyarto vurğulayıb.
Xatırladaq ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.

Regionlar 2023-11-24 17:38:00