×
A
A
A
Sazlamalar

Bakıda “Minimal və endo-vizual ginekologiya” beynəlxalq elmi-praktik konfrans keçirilir

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Minimal və endo-vizual ginekologiya” beynəlxalq elmi-praktik konfransının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev bildirib ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı olan Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü və demokratik hüquqi dövlətə çevirmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Sovet hakimiyyəti dövründə Heydər Əliyevin təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi, mədəni baza, təməl rolunu oynayıb. Həmin illərdə Ümummilli Liderin təhsilin və elmin inkişafı istiqamətində məqsədlərindən biri milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Odur ki, həmin dövrlərdə mindən çox azərbaycanlı gənc respublikadan kənarda SSRİ-nin və başqa ölkələrin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilib.
O, fikirlərinə belə davam edib: “Müstəqilliyimizin ilk illərini hamımız yaxşı xatırlayırıq. Ölkəmiz separatizm, dövlət çevrilişləri, çoxsaylı böhranlar və xaosla qarşılaşmışdı. Azərbaycan sözün əsl mənasında məhv olmaq, parçalanmaq ərəfəsində idi. 1993-cü ildə Heydər Əliyev xalqın xahişi ilə ikinci dəfə ölkəyə rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi. Müstəqil dövlətimizi qurmağa onun hərtərəfli inkişafı üçün tələblər qoymağa başladı. Ulu Öndər xalqla iqtidarı birləşdirərək cəmiyyətdə birliyə nail oldu.
Heydər Əliyev təhsil sisteminin də inkişafına xüsusi diqqət yetirirdi. 1993-cü ildə biz bir qrup tələbə Ulu Öndərə müraciət etdik və təhsilimizi ABŞ-da davam etdirmək istəyimizi bildirdik. Ölkədə vəziyyət ağır olsa da Ulu Öndər bizim ABŞ-dakı bütün təhsil xərclərimizin ödənilməsinə göstəriş verdi. Biz ABŞ universitetlərini bitirdikdən sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstəririk. On ildən çoxdur ki, Milli Onkologiya Mərkəzinin Baş-boyun cərrahiyyəsi şöbəsində fəaliyyət göstərirəm. Milli Onkologiya Mərkəzində akademik Cəmil Əliyevin rəhbərliyi altında il ərzində 160 minə qədər xəstə müayinədən keçir. Mərkəzdə 6 mindən çox əməliyyat, ən müasir şüaterapiya və kimyaterapiya müalicəsi aparılır.
O vaxtlar Vətəndən, ailədən uzaqda təhsil almaq asan məsələ deyildi. Ulu Öndərin böyük dühası, Prezident İlham Əliyevin inanılmaz zəhməti sayəsində müstəqillik illərində Azərbaycan çiçəklənən ölkəyə çevrildi. Azərbaycanın müasir gəncləri inanılmaz dərəcədə şanslıdırlar. Çünki onların çoxunun keyfiyyətli təhsil almaları üçün ailələrindən uzağa getmələrinə ehtiyac qalmır. Hazırda ölkəmizdə Azərbaycan Diplomatik Akademiyası , Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı kimi nüfuzlu universitetlər yaradıldıqdan sonra gənclərimiz elə Vətənimizdə mükəmməl təhsil ala bilirlər”.
Ə.Əliyev bugünkü konfransın həkimlərin öz peşəkarlıqlarını təkmilləşdirməsi istiqamətində önəmli rol oynayacağına, onların müasir müalicə protokolları ilə tanış olmasına və həmkarları ilə təcrübə mübadiləsi aparmasına imkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda keçirilən səhiyyə islahatlarından danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov həkimlərin, tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü, dövlətin siyasətinə dəstək vermək üçüm görüləcək işlərin çox olduğunu bildirib: “Ölkəmizdə keçirilən belə konfranslar da bu istiqamətdə uğurlara nail olmaq, bilik və bacarıqlarımızı artırmaq, öyrənməklə yanaşı, öz bacarıqlarımızı dünyaya göstərmək üçün bir vasitədir”.
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda kadrların yetişdirilməsi, tibbi xidmətlərin əlçatanlığının təmin olunması, xəstəxanaların maddi texniki bazasının yenilənməsi istiqamətində görülən işlərdən bəhs edib. O, əhalinin sağlamlığının mühafizəsində Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu deyib. İcraçı direktor humanitar və sosial sahələrdə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəyə ehtiyacı olanlara göstərilən köməkdən də danışıb.
A.Həsənov çıxışının davamında konfransa ölkəmizdən 300-dən çox həkim qatıldığını diqqətə çatdırıb. O, tədbirdə Azərbaycanla yanaşı, Almaniya, Fransa, İtaliya, Bəhreyn, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan da nümayəndə heyətləri, həkimlər, alimlərin iştirak etdiyini deyib.
Tədbir panel sessiyalarla davam edib.

Cəmiyyət 2023-11-24 13:43:00