×
A
A
A
Sazlamalar

Milli Hematologiya və Transfuziologiya Mərkəzində sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilir

Bakı, 24 noyabr, AZƏRTAC

Milli Hematologiya və Transfuziologiya Mərkəzində talassemiyalı uşaqlar üçün sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi”ndə deyib.
Cari ildən İcbari Tibbi Sığorta Agentliyinin xidmətlər zərfinə sümük iliyi transplantasiyası əməliyyatının daxil edildiyini xatırladan N.Bayramova bildirib ki, bu xidmətlə bağlı əməliyyatların sayı limitlidir. Səbəb ondan ibarətdir ki, bu sahədə ölkəmizdə həkim mütəxəssislərin sayı olduqca azdır. Hazırda bu sahə üzrə dövlət tibb müəssisələrinin maddi-texniki bazası təkmilləşdirilir. Bu işlər aparılandan sonra xəstəliyə düçar qalmış övladlarımız sümük iliyi transplantasiyası üçün artıq xaricə getməyəcək. Xəstəlik ölkəmizdə müalicə ediləcək.
N.Bayramova onu da bildirib ki, hazırda Yeni Klinikanın maddi-texniki bazasının təkmilləşdirilməsi işləri aparılır. Bu məqsədlə həkimlər və tibb personalı təcrübə üçün qardaş ölkə Türkiyəyə göndərilir. Həmçinin dövlət tibb müəssisələrinə tibbi xidmətin keyfiyyətinin təkmilləşdirilməsi üçün seroloji testlər, beynəlxalq standartlara uyğun avtomatlaşdırılmış qurğular, qan xəstəliklərinə düçar olmuş xəstələrin terapiyası üçün avadanlıqlar alınır.

 

 

Cəmiyyət 2023-11-24 12:42:00