×
A
A
A
Sazlamalar

Bakıda sosial iş və sosial tədqiqat mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) adlı beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və digər məsələlər diqqət mərkəzində olacaq, mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın mövzusu təsadüfi seçilməyib. Sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir. Digər tərəfdən isə son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərindən araşdırılmasının zəruriliyini ortaya qoyur.
ABŞ-ın Vaşinqton Universitetinin professoru Mikael Şerraden tədbirin mövzusunun əhəmiyyətini vurğulayıb. O, sosial məsuliyyətin paylaşılmasının, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib. O deyib ki, insanlar hər zaman bir-birinə ailə, cəmiyyət, icma şəklində dəstək olmalıdır. “Dünyanın daha yaxşı, mükəmməl bir məkana çevrilməsi üçün birgə çalışmalıyıq. Sosial iş istiqamətində problemlərə hədəflənmək əvəzinə, həllərini tapmağa nail olmalıyıq”, - deyə professor diqqətə çatdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin direktoru, Milli Məclisin deputatı Zahid Oruc qeyd edib: “Yeni siyasi təqvimin unudulmaz günlərini yaşayırıq. Son 30 ildə Azərbaycanın apardığı haqq savaşında elm xadimlərimiz, görkəmli alim və ziyalılarımız, düşüncə və fikir adamlarımız qələmləri, zəkaları ilə mübarizənin ön cəbhəsində gedərək, millətimizin mənəvi və intellektual səfərbərliyində mühüm rol oynayıblar”.
Milli Məclisin deputatı, həmçinin bildirib ki, ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə böyük ehtiyac var. “Fikrimizcə, hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. Otuz ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxəssis gərəkdir”, - deyə o əlavə edib.
Zahid Oruc diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə yeni hakimiyyət quruculuğu çərçivəsində idarəetmə sistemində genişmiqyaslı struktur və kadr islahatları həyata keçirildi. İndi tam məsuliyyətlə demək olar ki, həmin islahatlar Vətən müharibəsində siyasi elitanın monolitliyi, qərarqəbuletmənin çevikliyi və dövlət-ordu-millət birliyi sahələrində müstəsna rol oynadı.
Konfransda çıxış edən Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nazgul Sagindykova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və digərləri tədbiri sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsi istiqamətində mühüm addım və platforma kimi qiymətləndiriblər.
Açılış mərasimindən sonra konfransın işi plenar iclaslarla davam etdirib.
Hibrid formatda təşkil edilən konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul olunub.
Konfransın materialları “Web of Science və Scopus” bazalarında indekslənmək üçün təqdim ediləcək.

Cəmiyyət 2023-11-24 12:08:00