×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi BEGOC Biznes Mərkəzində yanğın-taktiki təlim keçirib

Bakı, 24 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin iştirakı ilə paytaxtın Səbail rayonunun Zərifə Əliyeva küçəsi, 93 ünvanındakı BEGOC Biznes Mərkəzində “İnzibati binalarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, belə obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Cəmiyyət 2023-11-24 12:07:00