×
A
A
A
Sazlamalar

Londonda Azərbaycanın Orta dəhlizin inkişafına verdiyi töhfələr müzakirə edilib

Bakı, 24 noyabr, AZƏRTAC
ABŞ-ın Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut ilə birgə Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransda Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükəsizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafının perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tim Stern gələn ilin yaz aylarında Britaniyanın Enerji Təhlükəsizliyi Konfransına ev sahibliyi edəcəyi barədə məlumat verib, istər enerji təhlükəsizliyi, istərsə də alternativ enerjiyə keçiddə Xəzər hövzəsi ölkələrinin mühüm roluna diqqət çəkib. O, Britaniyanın Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova ölkəmizin regional və qlobal konnektivliyə, o cümlədən Orta Dəhlizin fəaliyyətinə verdiyi töhfələrdən danışıb. Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğunu bildirən G.Səlimova, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur və alternativ enerji layihələrinə diqqət çəkib, beynəlxalq tərəfdaşları ölkəmizin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə çağırıb.
Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər hövzəsi regionunun strateji əhəmiyyəti, xüsusilə enerji təchizatının şaxələndirilməsindəki rolundan, Orta Dəhliz vasitəsilə enerji daşımaları sahəsində görülən işlərdən söz açıb.
Bir neçə paneldən ibarət olan tədbirdə, həmçinin Gürcüstanın, Türkiyənin, Qırğızıstanın, Özbəkistanın Britaniyadakı səfirləri, Qazaxıstanın bu ölkədəki səfirliyinin nümayəndəsi, britaniyalı diplomat Deyvid Moran, Xəzər Siyasət Mərkəzinin Məşvərətçi Şurasının üzvü Erik Rudenşold, eləcə də Britaniya siyasi və akademik dairələrindən olan mütəxəssislər çıxış ediblər. Çıxışlarda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlaqələndirici rolu xüsusi vurğulanıb.

İqtisadiyyat 2023-11-24 10:41:00