ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin final mərhələsi keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında keçirilən “Uğurlu Səhm” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu müsabiqədə iştirakçı komandalardan tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi tələb olunur.
Tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında əvəzsiz rolu və xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində il ərzində Fondda keçirilən tədbirlərdən söz açıb. Bəhruz Bəhramov bildirib ki, Dövlət Neft Fondu olaraq, ölkənin gənc kadr potensialının inkişafına töhfə verərək, tələbə və məzunların xalqımız qarşısında mühüm missiya daşıyan investisiya qurumunda təcrübə proqramlarından və iş imkanlarından yararlanması üçün şərait yaratmaqdan məmnunuq.
ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu isə “ESG” (ətraf mühit, sosial sahə, korporativ idarəetmə) prinsipləri, onların tətbiq imkanları və ARDNF-nin bu konsepsiyaya yanaşması mövzusunda çıxış edib.
Tədbir müddətində finalçılarla görüş keçirən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tələbələrlə onların təhsil və karyera hədəfləri barədə müzakirə aparıb. Tələbələrin suallarını cavablayan İcraçı direktor, onları təbrik edib və öz tövsiyələrini bölüşüb.
Müsabiqədə iştirak etmək üçün ümumi sayı 28 olmaqla, 16 yerli, 12 isə xarici universitetdə təhsil alan tələbə və məzunlardan ibarət 62 komanda müraciət edib. Noyabrın 20-də keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala vəsiqə qazanıb. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda, sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Team Markowitz” komandası (ADA Universiteti) qalib gəlmiş və 7000 AZN, II yerin qalibi “Cash me if you can” komandası və III yerin qalibi “Birja Turtles” komandası ( Azərbaycan Dövlət İqtisad Universiteti) isə müvafiq olaraq 5000 AZN və 3000 AZN məbləğində pul mükafatı əldə ediblər. Müsabiqənin qalib iştirakçılarına sertifikatlar və medallar təqdim edilib.
“Coursera” şirkəti Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək
“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub
Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı ictimai dinləmə təşkil edilib
Dövlət Vergi Xidməti: Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür