×
A
A
A
Sazlamalar

Azərbaycan-Qırğız İnkişaf Fondunun investisiya yatıracağı sahələr açıqlanıb

Bakı, 23 noyabr, AZƏRTAC

Bakıda Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 2-ci iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan və Qırğızıstan arasında sıx iqtisadi əlaqələrin inkişafı, o cümlədən iri investisiya layihələrinin birgə həyata keçirilməsi və ölkələrimizin ixrac-idxal potensialından daha səmərəli istifadə üçün Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun səmərəli mexanizm olacağı qeyd edilib. Qeyd edilib ki, iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq.
Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.
Bildirilib Şuranın iyulun 27-də Qırğızıstanın Çolpon Ata şəhərində keçirilmiş ilk iclasından ötən müddət ərzində Fondun Şurası və Fondun İdarə Heyəti haqqında Əsasnamələr də daxil olmaqla gündəlikdə duran bir sıra texniki məsələlər razılaşdırılıb.
İclasda Şuran üzvləri gündəlikdə duran məsələlər, o cümlədən təşkilati-hüquqi məsələləri müzakirə ediblər.

İqtisadiyyat 2023-11-23 17:32:00