“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids”mövzusunda təlim keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd 13-17 yaş qrupunda olan uşaqların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılmasıdır.
Təlim zamanı iştirakçılara RİNN, ETX və “AzInTelecom” MMC-nin əməkdaşları tərəfindən kibertəhlükəsizlik, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, antivirus proqramları, zərərli kontent, sosial mühəndislik və fişinq hücumları, o cümlədən kiberbullinq barədə geniş məlumat verilib.
Daha sonra interaktiv tapşırıqlar icra olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası 1989-cu il noyabrın 20-də BMT Baş Assambleyasının 44-cü sessiyasında qəbul edilib və iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Azərbaycan bu Konvensiyaya 1992-ci ildə qoşulub.
Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək
İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib