×
A
A
A
Sazlamalar

“CNNArabic”: Azərbaycan əla payız-qış turizmi istiqamətidir

Bakı, 21 noyabr, AZƏRTAC

Dubaydan yayımlanan “CNNArabic” telekanalı ərəb ölkələrindən olan turistlər üçün payız-qış mövsümündə Azərbaycana səyahəti tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, telekanalın efirində suriyalı Məhəmməd Yassin və Ola Əl-Qudmaninin Azərbaycanda bir həftə qalmaq üçün tam turist cədvəli videoçarx formasında təqdim edilib.
Telekanalın aparıcısı qeyd edib ki, səyahətə paytaxt Bakıdan başlamaq lazımdır. Burada İçərişəhər, Köhnə Bakı qalası və Nizami meydanı kimi bir çox turistik məkanlar var. Daha bir mükəmməl istiqamət Quba dağlarıdır. Bu məkanda turistlərə heyrətamiz mənzərələr və əla gəzinti, alpinizm imkanları təklif edilir. Daha sonra Qəbələ və Şamaxını ziyarət etmək olar. Qəbələ mühüm tarixi və mədəni ərazidir, çünki burada məşhur atıcılıq klubu və çoxlu şəlalələr yerləşir. Qəbələyə gəlməzdən əvvəl Şamaxıda ləzzətli səhər yeməyi yeyə bilərsiniz.
Videoçarxda, həmçinin Qobustanda Azərbaycanın məşhur palçıq vulkanlarına, bir çox mühüm mədəni abidələrin olduğu və təbii gözəlliyi, ənənəvi memarlığı və qədim tarixi ilə fərqlənən Şəki şəhərinə baş çəkmək tövsiyə edilir.
Suriyalı turist “CNN Arabic”ə müsahibəsində deyib: “Biz bu turizm istiqamətini Azərbaycanın mədəniyyətini, təbii, şəhər və irs gözəlliklərini, hər bir bölgənin ənənəvi mətbəxinin müxtəlifliyini nəzərə alaraq seçdik”.
Telekanalın aparıcısı diqqətə çatdırıb ki, suriyalı turistlərin Azərbaycan haqqında videoçarxını yutub kanalında 150 min nəfərdən çox abunəçi izləyib.

Mədəniyyət 2023-11-21 14:52:00