×
A
A
A
Sazlamalar

ABŞ-ın İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb

Bakı, 21 noyabr, AZƏRTAC

ABŞ-ın İraqın qərbindəki Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası raket hücumuna məruz qalıb.
AZƏRTAC Sky News Arabia telekanalına istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Hücum nəticəsində insan tələfat və ya maddi itki olub-olmadığı barədə məlumat verilmir.
Regionda fəaliyyət göstərən “İraqın İslam müqaviməti” hərəkatı isə öz növbəsində hərbi bazaya PUA ilə hücum etdiklərini bildirib.
Pentaqonun yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, oktyabrın 17-dən bəri ABŞ və beynəlxalq koalisiyanın İraq və Suriyadakı bazalarına PUA və raketlərdən istifadə olunmaqla, təxminən 50 dəfə hücum edilib.

Dünya 2023-11-21 11:31:00