Tədqiqatçı-jurnalistin yeni kitabı çapdan çıxıb
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Sənubər Kərimovanın “Nəsillərə əmanət” seriyasından 2-ci kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin dövri mətbuatda çap etdirdiyi Azərbaycan folkloru örnəkləri, o cümlədən XIX əsrin sonu - XX əsrin əvvəllərində Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən buraxılan SMOMPK (Sbornik materialov dlya opisaniya mestnostey plemeni Kavkaza) toplusunda rus dilində və ərəb qrafikası (əski əlifba) ilə, Azərbaycanda ərəb əlifbası ilə nəşr edilən məcmuələrdə dərc olunmuş folklor nümunələrindən transliterasiya etdiyi mətnlər yer alıb. Həmçinin nəşrdə müəllifin Üzeyir Hacıbəylinin, Əhməd Cavadın arxivlərindən əldə etdiyi materiallar, qorqudşünaslıqla bağlı müxtəlif yazılar, o cümlədən “Dədə Qorqud xeyir-duası” ssenarisi, xalq adət-ənənələrindən örnəklər, müəllifin şeirləri, Azərbaycanın azadlığı və inkişafı tarixinə qızıl səhifələr yazmış qadınlar haqqında oçerklər, xatirələr, günümüzlə səsləşən “... Yoxsa dünya məhv olar!!!” memuarından bir parça və s. materiallar təqdim olunub.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanovdur.
Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub
“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb
AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb
Xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə seminar keçirilib