×
A
A
A
Sazlamalar

Baş məşqçi: Komanda olaraq yarışa çox ciddi hazırlaşmışdıq

Bakı, 21 noyabr, AZƏRTAC

Avropa çempionatı maraqlı və gərgin keçdi. Komanda olaraq yarışa çox ciddi hazırlaşmışdıq. İdmançılarımıza inam çox idi. Sevindirici haldır ki, onlar bu ümidləri doğrultdular.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev 22 yaşadək boksçular arasında Avropa çempionatında qazanılan uğurlar barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan boks tarixində ilk dəfədir ki, belə bir nailiyyət əldə edilib: "Nicat Hüseynovun final döyüşü çox gərgin keçdi, amma biz onun qələbə qazanacağına əmin idik. Digər boksçularımız da çox əziyyət çəkmişdilər, hər birinin çıxışından razı qaldım. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlara yol verildi. Əks təqdirdə, o da qızıl medalın sahibi olacaqdı. Ümid edirəm ki, gələcəkdə nailiyyətlərimizin sayı daha da artar".
Qeyd edək ki, yığma komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. Komandanın heyətində Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.

 

İdman 2023-11-21 05:12:00