×
A
A
A
Sazlamalar

Qəbələdə Ulu Öndərə həsr olunan futzal üzrə xatirə turnirinə start verilib

Qəbələ, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində noyabrın 20-də Qəbələ Olimpiya İdman Kompleksində futzal üzrə xatirə turnirinə start verilib. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən turnirdə rayon icra hakimiyyətini, idarə, müəssisə və təşkilatları təmsil edən 16 komanda mübarizə aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin rəsmi açılış mərasiminin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıb, Ulu Öndərin idman sahəsində apardığı islahatları qeyd edib və bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, turnirin keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq, yarış iştirakçılarının təcrübəsini və ustalığını inkişaf etdirmək, futzal idman növünü gənclər arasında təbliğ etməkdən ibarətdir.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Osmanov turnirin məqsəd və vəzifələri barədə danışıb, komandalara uğurlar arzulayıb.
Turnirin ilk oyununda 10 Saylı Vergilər İdarəsinin və Qəbələ Beynəlxalq Hava Limanının komandaları qarşılaşıblar.

 

Regionlar 2023-11-20 23:41:00