×
A
A
A
Sazlamalar

Varlı isveçlilər atmosferə daha çox karbon qazının buraxılmasına səbəb olurlar

Stokholm, 20 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin “Oxfam” təşkilatının və Stokholm Ətraf Mühit İnstitutunun yeni hesabatında bildirilir ki, ölkə daxilində müxtəlif gəlirli insanlar tərəfindən atmosferə buraxılan karbon qazı tullantılarının miqdarındakı qeyri-bərabərlik ölkələr arasında olduğundan daha çoxdur. Hesabata görə, ən varlı isveçlilərin 1 faizindən bir nəfərin havaya buraxdığı karbon qazı ən kasıbların 50 faizinin havaya buraxdığı karbon qazından on dəfə çoxdur.
AZƏRTAC hesabata istinadla xəbər verir ki, İsveç əhalisinin əksər hissəsi dünyanın ən varlı insanlarının 10 faizini və ölkədə havaya karbon qazı buraxan insanların 70 faizini təşkil edir.
“Varlılar arasında dəbdəbəli əşya və avadanlıqlardan istifadə edilməsi əhalinin digər hissəsi tərəfindən də bu istehlakın çoxalmasına təkan verir”, - deyə “Oxfam” təşkilatının siyasət şöbəsinin rəhbəri Hanna Nelson bildirib.
2019-cu ildə ən varlı isveçlilərin cəmi 1 faizi il ərzində orta hesabla adambaşına 42 ton karbon qazının atmosferə buraxılmasına səbəb olub. Bu isə o deməkdir ki, sözügedən 1 faizin atmosferə buraxdığı karbon qazı ölkə daxilində həmin il ərzində yük avtomobillərinin havaya buraxdığı karbon qazının 6 faizini təşkil edib.
Onların havaya buraxdığı karbon qazının miqdarı 2030-cu ildə qlobal istiləşmənin 1,5 dərəcəyədək məhdudlaşdırılması üçün zəruri olan səviyyədən 15 dəfə artıqdır.
Hesabatda qeyd edilən səbəblər arasında dəbdəbəli yaxtalar, şəxsi təyyarələr, yolsuzluq avtomobilləri və böyük evlər, habelə ətraf mühiti çirkləndirən sahələrə qoyulan investisiyalar və sənaye sahələrindəki tədbirlər qeyd olunur.
“Ən varlı isveçlilərin 1 faizi Paris Sazişinə uyğun olaraq növbəti yeddi il ərzində atmosferə karbon qazı tullantılarını 93 faiz azaltmalıdır. Biz hansısa marginal dəyişikliklərdən deyil, həyat tərzinin tamamilə dəyişilməsindən bəhs edirik. İqlim fəlakətlərinin baş verməsini istəmiriksə, bu dəyişiklikləri etmək zəruridir. Hazırda İsveçin iqlim siyasəti bu qeyri-bərabərliyi görmək iqtidarında deyil. Atmosferə buraxılan karbon qazının miqdarındakı belə böyük fərq varlı insanların karbon qazı tullantılarının azaldılmasına yönələn siyasət həyata keçirilməsinin vacibliyini göstərir. Biz yüksək gəlirli şəxslər üçün xüsusi vergitutma qaydalarının tətbiq olunmasını istəyirik. Bu tədbirlər, öz növbəsində, onların istehlak məkanını azaldacaq və iqlim dəyişikliyinin ədalətli şəkildə maliyyələşdirilməsinə imkan yaradacaq”, - H.Nelson bildirib.
Hesabatda sərvətin miqdarı deyil, məhz gəlirlər nəzərə alınıb. “Oxfam” təşkilatının fikrincə, sərvətin miqdarı hesablamaya daxil edilsə, nəticələr daha da qeyri-bərabər olar.

Dünya 2023-11-20 21:22:00