ADA Universiteti Gürcüstandakı azərbaycanlıların daha yüksək səviyyədə ali təhsil almaları üçün yeni imkanlar yaradır
Tbilisi, 20 noyabr, AZƏRTAC
ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti noyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Tbilisidəki 73 nömrəli və 64 nömrəli məktəblərin kollektivləri ilə görüşüb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, ADA Universiteti Gürcüstandakı soydaşlarımızla bağlı təhsil proqramları hazırlayıb. Görüşün əsas məqsədi də müəllimlərə, tələbə və fəal şagirdlərə ADA Universiteti barədə ətraflı məlumat verməkdir.
Sonra prorektor Vəfa Kazdal universitetin fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. O bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız həm ADA Universitetində, həm də Qazax Müəllimlər Seminariyasında yüksək səviyyədə təhsil ala bilərlər.
Bundan başqa, ADA Universitetinin dəstəyilə müxtəlif sahələr üzrə ixtisasartırma kurslarında iştirak edə bilərlər.
Prorektorun sözlərinə görə, əsas məqsəd Gürcüstandakı soydaşlarımızın Azərbaycanda yüksək səviyyədə bakalavriat və magistratura səviyyələrində təhsil almalarına və onların öz ölkələrinə qayıdaraq bilik bacarıqlarını soydaşlarımıza öyrətməsinə kömək etməkdir.
Sonra ADA Universitetinin Tələbə qəbulu şöbəsinin müdiri Mahnur Abbasova bu təhsil ocağı haqqında təqdimatla çıxış edib. Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva seminariyanın məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.
Bildirilib ki, soydaşlarımız universitetdə Azərbaycan dilində təhsil üzrə menecment, təlim və tədrisin təşkili və metodikası, dövlət idarəetməsi ixtisasları üzrə təqaüdlü təhsil ala bilərlər.
Hazırda Gürcüstandan 24 soydaşımız ADA Universitetində təhsil alır. Məqsəd onların sayını artırmaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Müasir dövrdə effektiv idarəetmənin problemləri”- konfrans
“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir
BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub
Beynəlxalq konqresin iştirakçılarına Azərbaycanın kənd turizmi haqqında məlumat verilib